2025-02-18

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən Diplomatiya Aləmi jurnalının 60/2024 saylı növbəti xüsusi buraxılışı nəşr edilib

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən Diplomatiya Aləmi jurnalının 60/2024 saylı növbəti xüsusi buraxılışı nəşr edilib.

Jurnalın xüsusi buraxılışı “Azərbaycanda Mina Təmizləmə Fəaliyyəti: Təhlükəsiz və Rifah Dolu Həyat üçün Azad Olunmuş Ərazilərin Minalardan Təmizlənməsi (Mine Action in Azerbaijan: Clearing Liberated Lands For Safe and Prosperous Life) mövzusuna həsr olunub.

Diplomatiya Aləmi jurnalının xüsusi buraxılışının əsas məqsədi ölkəmizin işğaldan azad olunmuş ərazilərində Ermənistanın həyata keçirdiyi mina terrorunun miqyası və minaların yaratdığı təhlükələr barədə dünya ictimaiyyətinin məlumatlandırılması, ərazilərimizin minalardan təmizlənməsinə beynəlxalq yardımı təşviq etməkdir.
 
Jurnalda Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin “Minaların ətraf mühitə təsirinin azaldılması - Təhlükəsiz və yaşıl gələcək üçün resursların səfərbər olunması” mövzusunda keçirilmiş beynəlxalq konfransın iştirakçılarına müraciəti, Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun məqaləsi, dövlət rəsmiləri, beynəlxalq təşkilatların nümayəndələri və humanitar mina təmizləmə fəaliyyəti ilə məşğul olan tərəfdaşlar tərəfindən yazılmış məqalələr ilə yanaşı mina partlayışları nəticəsində zərər çəkmiş şəxslərin müsahibələri də yer alır. 

Jurnalda həmçinin, Azərbaycanın təşəbbüsü ilə beynəlxalq təşkilatlarda və konfranslarda mina problemləri ilə bağlı qəbul edilmiş mühüm sənədlər təqdim olunur.
 
30 il ərzində Ermənistanın işğalı altında olmuş ərazilərimizdə məqsədyönlü şəkildə milyonlarla mina və partlamamış hərbi sursatlar yerləşdirilmişdir. Ermənistanın beynəlxalq humanitar hüquqa zidd olaraq həyata keçirdiyi bu siyasət nəticəsində Azərbaycan dünyada mina ilə ən çox çirklənmiş ölkələr arasında yer alır.
 
İşğaldan azad edilmiş ərazilərimizin kütləvi şəkildə minalar və partlamamış hərbi sursatlarla çirklənməsi bu ərazilərdə apardığımız bərpa və yenidən qurma işlərini ləngitməklə yanaşı, insanların həyat və sağlamlığına ciddi təhdid yaradır. Bu xüsusda, humanitar minatəmizləmə fəaliyyəti ölkəmizin əsas prioritetlərindən biridir.

Jurnalla bu keçiddən tanış olmaq mümkündür. 

Arxiv üzrə axtarış