Tacikistanda daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarının uçotu
Tacikistan Respublikasında daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarının uçotu
Tacikistanda daimi əsaslarla, başqa sözlə Tacikistanın müvafiq səlahiyyətli orqanları tərəfindən verilmiş daimi yaşamaq icazəsinə və ya Tacikistanda daimi yaşamaq statusuna sahib olmasını təsdiq edən digər sənədə malik olan Azərbaycan Respublikası vətəndaşı yaşadıqları əraziyə akkreditə edilmiş Azərbaycan Respublikasının Tacikistandakı Səfirliyində uçota alınırlar.
Konsulluq uçotuna alınmış Azərbaycan Respublikası vətəndaşlarının 16 yaşadək uşaqları valideynlərindən birinin uçot kartoçkasında qeyd olunur.
Tacikistanda daimi yaşayan Azərbaycan Respublikası vətəndaşı konsulluq uçotuna alınması məqsədilə aşağıdakı sənədləri pasportla birlikdə Azərbaycan Respublikasının Tacikistandakı Səfirliyinə təqdim etməlidirlər:
- Doldurulmuş uçot vərəqəsi;
- Pasport üçün rəngli fotoşəkil - 1 ədəd;
- Vətəndaşın şəxsiyyətini təsdiq edən Azərbaycan Respublikası vətəndaşının ümumvətəndaş pasportu;
- Şəxsiyyət vəsiqəsinin surəti;
- Azərbaycan Respublikası vətəndaşının Tacikistanda daimi yaşamaq icazəsinə malik olmasını təsdiq edən sənədin surəti.
Diqqət! Konsulluq uçotuna alınmış Azərbaycan Respublikası vətəndaşı ilə birlikdə Tacikistanda daimi yaşayan 16 yaşına çatmamış uşaq olduqda, həmin uşağın doğum haqqında şəhadətnaməsinin və valideynlərinin nikah haqqında şəhadətnaməsinin (olduğu halda) surətləri Səfirliyə təqdim edilməlidir.
Tacikistanda daimi yaşayan Azərbaycan Respublikası vətəndaşları Azərbaycan Respublikasının diplomatik nümayəndəliyi tərəfindən aşağıdakı hallarda konsulluq uçotundan çıxarılırlar:
- Digər ölkəyə daimi yaşamaq üçün köçən Azərbaycan Respublikası vətəndaşları daimi yaşayış uçotundan çıxmaq üçün müraciət etdikdə;
- Azərbaycan Respublikası vətəndaşlığından çıxdıqda;
- Vəfat etdikdə;
- Barələrində itkin düşmə və ya vəfat etmə haqqında məhkəmənin qərarı olduqda.