Xarici dövlətin vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikası vətəndaşları ilə bağlı məlumat

 

“Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının 1998-ci il 30 sentyabr tarixli 527-IQ nömrəli Qanununa (10-cu maddəsi – Azərbaycan Respublikası vətəndaşının xarici dövlətin vətəndaşlığına mənsubiyyətinin tanınmaması) əsasən:  

Azərbaycan Respublikasının vətəndaşı olan şəxsin ikili vətəndaşlığı olduqda (Azərbaycan Respublikası vətəndaşlığı ilə yanaşı, digər dövlətin (dövlətlərin) vətəndaşı olduqda) həmin şəxsin xarici dövlətin vətəndaşlığına mənsubiyyəti, Azərbaycan Respublikasının beynəlxalq müqavilələrində nəzərdə tutulmuş və ya Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə müvafiq surətdə həll edilmiş hallar istisna olmaqla tanınmır.

Xarici dövlətin vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşı bir ay müddətində bu barədə müvafiq icra hakimiyyəti orqanına yazılı məlumat verməlidir. Şəxs bu barədə Azərbaycan Respublikasının ərazisində olduqda Dövlət Miqrasiya Xidmətinə, ölkə hüdudlarından kənarda olduqda isə Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və ya konsulluqları vasitəsilə Xarici İşlər Nazirliyinə (Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və ya konsulluqlarının olmadığı ölkələrdə yaşayan şəxslər birbaşa Xarici İşlər Nazirliyinə) müraciət etməlidir.

(Bunun üçün onlar nümunəsi Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş ərizə-anketi dolduraraq, onu internet informasiya ehtiyatı, poçt, elektron poçt vasitəsilə və ya şəxsən müvafiq dövlət orqanına təqdim etməlidirlər.)

Şəxs müvafiq yazılı məlumatı aşağıdakı sənədlərə əsasən Azərbaycan Respublikasının xarici ölkələrdəki Səfirlik və ya Baş Konsulluqlarına təqdim etməlidir:

  1. Ərizə anket(Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2015-ci il 29 yanvar tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş)
  2. Azərbaycan Respublikası ümumvətəndaş pasportunun surəti;
  3. Vətəndaşlığını əldə etmiş xarici ölkənin bu barədə verdiyi müvafiq sənədin surəti.

Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və konsulluqlarına daxil olan belə ərizələr əlavələri ilə birlikdə Xarici İşlər Nazirliyi vasitəsilə aidiyyəti üzrə Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə göndərilir. Eyni zamanda (istənildiyi halda) ərizəçiyə, xarici ölkənin vətəndaşlığını qəbul etməsi ilə bağlı Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və konsulluqlarını yazılı məlumatlandırmasını təsdiq edən arayış verilir.

Azərbaycan Respublikası vətəndaşının digər dövlətin vətəndaşlığını könüllü əldə etməsi, o cümlədən xarici dövlətin dövlət və ya bələdiyyə orqanlarında, yaxud silahlı qüvvələrində və ya digər silahlı birləşmələrində könüllü xidmət etməsi Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi üçün əsas hesab edilir (“Azərbaycan Respublikasının vətəndaşlığı haqqında”  Azərbaycan Respublikasının Qanunu maddə 18).

Arxiv üzrə axtarış