Azərbaycan Respublikasının vətəndaşlığına bərpa

Azərbaycan Respublikasının vətəndaşlığına bərpa məsələləri, 30 sentyabr 1998-ci il tarixli “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 30 avqust tarixli 189 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının vətəndaşlığı məsələlərinə baxılması və onların həlli qaydaları haqqında” Əsasnamə ilə tənzimlənir.

Xarici ölkələrdə yaşayan Azərbaycan Respublikasının vətəndaşları Azərbaycan Respublikası vətəndaşlığına bərpa məqsədilə yaşadıqları ölkədə akkreditə olunmuş Azərbaycan Respublikasının Səfirlik və ya Baş konsulluqlarına müraciət edə bilərlər.

Azərbaycan Respublikasının vətəndaşlığında bərpa qanunla müəyyənləşdirilmiş qaydada şəxsin vəsatəti üzrə həyata keçirilir. Azərbaycan Respublikası vətəndaşlığına bərpa barədə Azərbaycan Respublikası Prezidentinin adına yazılmış vəsatəti ( nümunəsi xüsusi olaraq təsdiq edilmiş ərizə-anketlə - Əlavə 3 ) Azərbaycan Respublikasının ərazisində yaşayan şəxslər Dövlət Miqrasiya Xidmətinə, xarici dövlətlərdə yaşayan şəxslər isə Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərinə və ya konsulluq idarələrinə təqdim edirlər.

Əvvəllər Azərbaycan Respublikasının vətəndaşı olmuş və ya Azərbaycan Respublikası vətəndaşlığına xitam verilmiş şəxsin öz vəsatəti əsasında o, Azərbaycan Respublikası vətəndaşlığına bərpa edilə bilər.

Bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin adına ərizə-anketlə müraciət edilir. Ərizə-anketə aşağıdakı sənədlər əlavə edilir:

  • 4 ədəd fotoşəkil (3x4 sm ölçüdə);
  • Şəxsiyyəti təsdiq edən sənədin surəti;
  • QİÇS müayinəsindən keçməsi və sağlamlıq haqqında arayış;
  • Dövlət rüsumunun ödənilməsi barədə sənəd – 60 ABŞ dolları(Azərbaycan Respublikasının vətəndaşlığına bərpa edilməsi barədə vəsatət qaldıran şəxs tərəfindən müvafiq dövlət rüsumunun ödənilməsi məsələsi “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.)

Azərbaycan Respublikası vətəndaşlığına bərpa barədə Azərbaycan Respublikasının xaricdə olan diplomatik nümayəndəliklərinə və konsulluq idarələrinə daxil olmuş sənədlər Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə göndərilir.

Xarici İşlər Nazirliyi həmin sənədləri baxılmaq üçün Dövlət Təhlükəsizliyi Xidmətinə, Xarici Kəşfiyyat Xidmətinə və Daxili İşlər Nazirliyinə göndərir. Dövlət Təhlükəsizliyi Xidmətinə, Xarici Kəşfiyyat Xidmətinə və Daxili İşlər Nazirliyinə göndərilmiş sənədlər rəylərlə birlikdə Xarici İşlər Nazirliyinə geri qaytarılır. Vətəndaşlıqla bağlı qaldırılmış vəsatətlərə əlaqədar dövlət orqanlarının hər biri tərəfindən 1 ay müddətində baxılır. Xarici İşlər Nazirliyi əsaslandırılmış rəy çıxardıqdan sonra toplanmış materialları Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlıq Məsələləri Komissiyasında baxılmaq üçün Azərbaycan Respublikasının Prezidentinin Administrasiyasına göndərir.

Azərbaycan Respublikası vətəndaşlığına bərpa haqqında qərar Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 20-ci bəndinə müvafiq surətdə qəbul olunur.

Azərbaycan Respublikasının vətəndaşlığına bərpa edilməsi barədə vəsatət qaldıran şəxs Azərbaycan Respublikasının Konstitusiyası ilə təsbit olunmuş dövlət quruluşunu zorakılıqla dəyişdirməyə və Azərbaycan Respublikasının ərazi bütövlüyünü pozmağa çağırışlar edərsə, dövlət təhlükəsizliyinə, ictimai asayişin qorunmasına, əhalinin sağlamlığına və ya mənəviyyatına zərər vuran fəaliyyət göstərərsə, irqi, dini və milli müstəsnalığı təbliğ edərsə, terrorçuluq fəaliyyəti ilə əlaqəsi olarsa, Azərbaycan Respublikası vətəndaşlığına bərpa edilməsi barədə vəsatəti Dövlət Təhlükəsizliyi Xidmətindən, Xarici Kəşfiyyat Xidmətindən və Daxili İşlər Nazirliyindən alınmış rəylərlə birlikdə Dövlət Miqrasiya Xidməti tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlıq Məsələləri Komissiyasında baxılmaq üçün Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına göndərilir. Təqdim edilmiş materiallar əsasında həmin Komissiya tərəfindən şəxsin vəsatəti rədd edilir. Azərbaycan Respublikası vətəndaşlığının əldə edilməsi və vətəndaşlıqdan çıxma ilə bağlı verilmiş müraciətlərə baxılmasının nəticələri barəsində onlara Dövlət Miqrasiya Xidməti və ya Xarici İşlər Nazirliyi tərəfindən yazılı məlumat verilir.

Azərbaycan Respublikasının vətəndaşlığına bərpa edilmiş və 14 yaşı tamam olmuş şəxs Azərbaycan Respublikasına sadiq olacağı barədə “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada və məzmunda Azərbaycan Respublikasının dövlət dilində and içir.

Andiçmə təntənəli şəraitdə Azərbaycan Respublikasının Dövlət bayrağı önündə Azərbaycan Respublikasının Konstitusiyasına əl basmaqla həyata keçirilir.

And içən Azərbaycan Respublikasının vətəndaşı andın mətnini imzalayır və bu sənəd Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətində saxlanılır.

Arxiv üzrə axtarış