Notariat hərəkətləri

Ümumi məlumat

 Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və konsulluqlarında notariat hərəkətləri səlahiyyətli vəzifəli şəxslər – konsullar tərəfindən aparılır.

Konsullar aşağıdakı notariat hərəkətlərini aparır:
1) Azərbaycan Respublikasının ərazisində yerləşən daşınmaz əmlakın özgəninkiləşdirilməsi və həmin əmlakın girov qoyulması barədə müqavilələr istisna olmaqla əqdləri və etibarnamələri təsdiq edir;
2) miras əmlakın mühafizə olunması üçün tədbirlər görür;
3) vərəsəlik hüququ haqqında şəhadətnamələr verir;
4) ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında şəhadətnamələr verir;
5) sənədlərin surətlərinin və sənədlərdən çıxarışların düzgünlüyünü təsdiq edir;
6) sənədlərdəki imzaların həqiqiliyini təsdiq edir;
7) sənədlərin bir dildən başqa dilə tərcüməsinin düzgünlüyünü təsdiq edir;
8) şəxsin sağ olması faktını təsdiq edir;
9) şəxsin müəyyən yerdə olması faktını təsdiq edir;
10) şəxslə fotoşəkildəki şəxsin eyniliyini təsdiq edir;
11) sənədlərin təqdim olunduğu vaxtı təsdiq edir;
12) öhdəliyin icra predmetini saxlamağa, pul məbləğlərini, qiymətli kağızları və vəsiyyətnamələri  depozitə qəbul edir;
13) icra qeydləri aparır;
14) sənədləri saxlanmaq üçün qəbul edir;
15) dəniz protestləri tərtib edir;
16) sübutları təmin edir.

Bundan başqa konsul əqdlərin, ərizələrin və digər sənədlərin layihələrini tərtib edə bilər, sənədlərin surətlərini və onlardan çıxarışları hazırlaya bilər, notariat hərəkətlərinin aparılması ilə əlaqədar məsləhətlər verə bilər, fiziki və hüquqi şəxslərdən həmin hərəkətlərin aparılması üçün sənədlər və məlumatlar tələb edə bilər.

Notariat fəaliyyəti üzrə kargüzarlıq Azərbaycan Respublikasının dövlət dilində aparılır.

Notariat hərəkətinin aparılması üçün müraciət etmiş şəxs kargüzarlığın aparıldığı dili bilmirsə və ya notariat hərəkətinin hər hansı dildə aparılmasını xahiş edirsə, konsul imkan daxilində tərəfindən rəsmiləşdirilən sənədlərin mətnlərini arzu edilən dildə tərtib edir və ya mətn ona müvafiq dili bilməsi barədə sənəd təqdim edən tərcüməçi tərəfindən tərcümə edilir.

Əgər şəxs sənədin tərtib olunduğu dili bilmirsə, o, sənədi ona məlum olan dildə imza edir.

Notariat hərəkəti yalnız onun üçün dövlət rüsumu ödənildikdən sonra aparılır.

Notariat hərəkətləri lazım olan bütün sənədlərin təqdim olunduğu və dövlət rüsumu ödənildiyi gün aparılır.
İdarələrin, müəssisələrin və təşkilatların vəzifəli şəxslərindən əlavə məlumatlar və ya sənədlər tələb etmək, yaxud sənədləri Azərbaycan Respublikasının müvafiq orqanlarına ekspertizaya göndərmək lazım gəldikdə, notariat hərəkətlərinin aparılması bir aydan artıq olmayan müddətə təxirə salına bilər.

Notariat hərəkətləri aparılan şəxslərin şəxsiyyətini təsdiq edən sənədlər
Notariat hərəkətlərini apararkən konsul notariat hərəkətlərinin aparılması üçün müraciət etmiş şəxslərin, onların nümayəndələrinin və ya hüquqi şəxslərin nümayəndələrinin şəxsiyyətini aşağıdakı sənədlər əsasında müəyyən edir: 
• Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi;
• Azərbaycan Respublikası vətəndaşının ümumvətəndaş pasportu;
• Azərbaycan Respublikası vətəndaşının xidməti pasportu;
• Azərbaycan Respublikası vətəndaşının diplomatik pasportu;
• Azərbaycan Respublikası vətəndaşının sürücülük vəsiqəsi (Nəqliyyat vasitəsinin müvəqqəti əvəzsiz istifadəyə verilməsinə dair etibarnamə təsdiq edilərkən etibar edənin şəxsiyyətini müəyyən etmək məqsədilə);
• Azərbaycan Respublikası vətəndaşının doğum haqqında şəhadətnaməsi (yalnız 16 yaşı tamam olmamış yetkinlik yaşına çatmayanlara münasibətdə);
• Azərbaycan Respublikasının hərbi hissələrin və hərbi idarələrin komandanlığının verdiyi şəxsi vəsiqə və ya hərbi bilet (Hərbi qulluqçuların şəxsiyyətini müəyyən etmək məqsədilə);
Dənizçilərin şəxsiyyəti onların şəxsiyyətini təsdiq edən sənəd əsasında müəyyən edilir.
Sənədlərin surətlərinin və sənədlərdən çıxarışların düzgünlüyü təsdiq edilərkən vətəndaşların şəxsiyyəti, həmçinin iş yeri üzrə idarə, müəssisə, təşkilat tərəfindən onlara verilmiş xidməti vəsiqə, tələbə bileti və ya sürücülük vəsiqəsi əsasında da müəyyən oluna bilər.

Notariat qaydasında təsdiq edilən əqdlər, habelə ərizələr və başqa sənədlər konsulun iştirakı ilə imzalanır. Əgər əqd, ərizə və ya başqa sənəd konsulun iştirakı olmadan imzalanmışsa, onu imzalayan şəxs sənədi özünün imzaladığını şəxsən təsdiq etməlidir.
Şəxs əqdi, ərizəni və ya başqa sənədi cismani qüsuruna, xəstəliyinə və ya hər hansı başqa səbəbə görə özü imzalaya bilmədikdə əqdi, ərizəni və ya digər sənədi onun tapşırığı ilə, onun iştirakı ilə və konsulun iştirakı ilə başqa şəxs imzalaya bilər. 

Notariat hərəkətlərinin aparılması üçün zəruri sənədlərə dair tələblər
1. Pozuntu və qaralaması olan, təsdiq edilməmiş əlavələri olan sənədlərin, zədələndiyinə görə mətninin oxunması mümkün olmayan, yaxud karandaşla yazılmış sənədlərin notariat hərəkətlərinin aparılması üçün qəbul edilməsi qadağandır.
Əgər bir neçə vərəqdə ifadə olunmuş sənədlər nömrələnməmiş, qaytanlanmamış, vəzifəli şəxsin imzası ilə və sənədi verən idarənin, müəssisənin və təşkilatın möhürü ilə təsdiq edilməmişsə, bu sənədlər də qəbul edilmir.
 2. Notariat hərəkətləri aparılarkən aşağıdakılar nəzərə alınmalıdır:
• Notariat qaydasında təsdiq edilən əqdlərin və sənədlərin mətnləri aydın və dürüst yazılmalı, sənədin mətninə aid olan tarixlər və müddətlər heç olmasa bir dəfə sözlərlə, hüquqi şəxslərin adları isə onların orqanlarının ünvanı göstərilməklə ixtisarsız yazılmalıdır;
• fiziki şəxslərin soyadı, adı və atasının adı tam yazılmalı, onların yaşayış yeri göstərilməlidir;
• iki və daha artıq ayrıca vərəqdən ibarət olan sənədlər tikilməli, nömrələnməli və möhürlə təsdiq edilməlidir;
•  sənədin mətnində tərəflərin imzalamadıqları düzəlişlər yalnız təsdiq qeydinin sonunda konsul tərəfindən şərtləşdirilir.
Konsul notariat hərəkətlərinin aparılması üçün lazım olan məlumat və sənədləri idarələrdən, müəssisələrdən və təşkilatlardan tələb etmək hüququna sahibdir. Tələb olunan məlumat və sənədlər konsulun göstərdiyi müddətdə təqdim edilməlidir. Bu müddət bir aydan artıq ola bilməz.

Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və konsulluqları tərəfindən aparılan notariat hərəkətlərinə görə qanunvericiliklər müəyyən edilmiş miqdarda dövlət rüsumu tutulur.

Arxiv üzrə axtarış