Xidməti pasport

Xidməti  pasport - Azərbaycan Respublikası vətəndaşı olan müvafiq şəxslərə Azərbaycan Respublikasından getmək və Azərbaycan Respublikasına gəlmək hüququnun həyata keçirilməsi üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi) tərəfindən verilən, Azərbaycan Respublikasının ərazisindən kənarda onların şəxsiyyətini və vətəndaşlığını təsdiq edən, bütün ölkələrə xidməti işlə əlaqədar getmək üçün etibarlı olan rəsmi sənəddir.

Azərbaycan Respublikasının “Pasportlar haqqında”  qanununun 5-ci maddəsinə əsasən xidməti pasport aşağıdakı siyahıda göstərilən şəxslərə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi tərəfindən verilir:

Xidməti pasport xidməti işlə əlaqədar xarici ölkələrə ezam olunan siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən vəzifəli şəxslərə, o cümlədən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı, Milli Məclisi, Hesablama Palatası aparatlarının, Azərbaycan Respublikası Prokurorluğunun, Mərkəzi Bankının, Mərkəzi Bank yanında Maliyyə Monitorinqi Xidmətinin, müvafiq icra hakimiyyəti orqanlarının məsul işçilərinə, hakimlərə, Mərkəzi Seçki Komissiyasının üzvlərinə, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatlarına, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin və müvafiq icra hakimiyyəti orqanının aparatlarının məsul işçilərinə, müvafiq icra hakimiyyəti orqanlarının başçılarına və onların müavinlərinə, Azərbaycan Respublikasının xarici ölkələrdəki nümayəndəliklərinin inzibati-texniki işçilərinə, onlar üç aydan artıq xarici ölkələrdə işləyərsə onların arvadına (ərinə), 18 yaşına çatmamış uşaqlarına və 18 yaşına çatmış əmək qabiliyyəti olmayan övladlarına, beynəlxalq xətlərdə çalışan dəniz və hava gəmiləri, dəmir yolu, avtonəqliyyat işçilərinə verilir. Xidməti pasport müvafiq dövlət orqanları rəhbərlərinin təqdimatı daxil olduqda ən geci beş iş günü keçənədək Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən sahiblərinin səlahiyyət müddətinə və ya beş illik müddətə verilir.

Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 3 mart tarixli 391 nömrəli Fərmanı ilə  təsdiq edilmiş “Xidməti pasport almaq hüququ olan vəzifəli şəxslərin SİYAHISI” :

  1. Azərbaycan Respublikası məhkəmələrinin hakimləri (qanunla müəyyən edilmiş qaydada diplomatik pasport əldə etmək hüququna malik olan hakimlər istisna olmaqla).
  2. Azərbaycan Respublikası dövlət orqanlarının, dövlətə məxsus müəssisə və təşkilatların, həmçinin qeyri-kommersiya qurumlarının aşağıdakı rəhbər işçiləri:

2.1. Azərbaycan Respublikasının mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin müavinləri, digər dövlət orqanlarının, dövlətə məxsus müəssisə və təşkilatların, həmçinin qeyri-kommersiya qurumlarının Azərbaycan Respublikasının Prezidenti tərəfindən təyin olunan rəhbərləri və həmin qaydada təyin olunan müavinləri (qanunla müəyyən edilmiş qaydada diplomatik pasport əldə etmək hüququna malik olan şəxslər istisna olmaqla);

2.2. Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi və müxbir üzvləri, Rəyasət Heyətinin  aparatında şöbə (idarə, katiblik, kafedra) rəhbərləri, onların müavinləri, elmi katiblər, Akademiyanın Naxçıvan və Gəncə bölmələrində şöbə (idarə) rəhbərləri, elmi katiblər, Akademiyanın regional elmi mərkəzlərinin, institutlarının və Akademiyanın institutlara bərabər tutulan digər elmi müəssisələrinin direktorları, direktor müavinləri, şöbə (laboratoriya) rəhbərləri, elmi katibləri;

2.3 Azərbaycan Respublikası Dövlət Neft Fondunun İcraçı direktoru və onun müavini, İcraçı direktorun müşaviri, köməkçisi, İcraçı direktorun ofisinin, Hasilat Sınayesində Şəffaflıq üzrə Komissiyanın Katibliyinin və digər struktur vahidlərinin (müdriyyət, department, şöbə) rəhbərləri və onların müavinləri;

2.4. Heydər Əliyev Mərkəzinin direktoru və onun müavini;

2.5. Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvləri (qanunla müəyyən edilmiş qaydada diplomatik pasport əldə etmək hüququna malik olan Mərkəzi Seçki Komissiyasının sədri istisna olmaqla), Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının üzvləri;

2.6. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatları;

2.7. Naxçıvan Muxtar Respublikasının mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin müavinləri;

2.8. Naxçıvan Muxtar Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsmanı);

2.9. Milli Televiziya və Radio Şurasının üzvləri;

2.10. Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Şurasının üzvləri;

2.11. Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının Daimi Nümayəndəliyinin rəhbəri;

2.12. yerli icra hakimiyyəti orqanlarının başçıları.      

2.13. beynəlxalq konfranslarda, müşavirələrdə və başqa beynəlxalq tədbirlərdə Azərbaycan Respublikasının maraqlarını müdafiə edən digər rəhbər işçilər (Azərbaycan Respublikası Prezidentinin Administrasiyası rəhbərinin razılığı olduqda).

  1. Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin rəhbərinin müavinləri, idarə (şöbə, xidmət, bölmə) rəisləri və onların müavinləri, mühafizə zabitləri və onlara bərabər tutulan vəzifəli şəxsləri.
  2. Dövlət qulluğunda, o cümlədən dövlət qulluğunun xüsusi növündə çalışan aşağıdakı şəxslər:

4.1. Azərbaycan Respublikası Prezidenti Administrasiyasının, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin, Azərbaycan Respublikası Prezidentinin Xüsusi Tibb Xidmətinin və Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin diplomatik pasport əldə etmək hüququna malik olmayan əməkdaşları;

4.2. inzibati vəzifələrin ali – altıncı təsnifat vəzifələrində qulluq keçən dövlət qulluqçuları (qanunla müəyyən edilmiş qaydada diplomatik pasport əldə etmək hüququna malik olan dövlət qulluqçuları istisna olmaqla);

4.3. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti,   Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti  və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin rəhbərlərinin köməkçiləri (müşavirləri), katibliyin, baş idarə, idarə (şöbə, xidmət, hərbi hissə, bölmə, sektor, qrup) rəhbərləri və onların müavinləri, həmin orqanların aparatlarında baş (böyük) və orta rəis heyəti vəzifələrində xidmət edən şəxslər, zabitlər, ali (böyük, orta) xüsusi rütbəsi olan şəxslər, baş məsləhətçilər, böyük məsləhətçilər, aparıcı məsləhətçilər, məsləhətçilər və onlara bərabər tutulan vəzifəli şəxslər;

4.4. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti,  Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin tabeliyində olan orqanların rəhbərləri və onların müavinləri, tabeliyində olan orqanların struktur vahidlərinin rəhbərləri və onların müavinləri;

4.5. Azərbaycan Respublikasının vergilər nazirinin müşaviri (köməkçisi), nazirliyin aparat rəhbəri və onun müavini, baş idarə, idarə (departament, şöbə, bölmə) rəhbərləri və onların müavinləri, nazirliyin aparatında baş və kiçik rəis heyəti vəzifələrində xidmət edən şəxslər, nazirliyin tabeliyində olan orqanların rəhbərləri və onların müavinləri, həmin orqanların struktur vahidlərinin rəhbərləri və onların müavinləri;

4.6. Azərbaycan Respublikasının prokurorluq orqanlarının əməliyyatçıları, müstəntiqləri və prokurorları (qanunla müəyyən edilmiş qaydada diplomatik pasport əldə etmək hüququna malik olan Azərbaycan Respublikasının Baş prokuroru, onun müavinləri və Naxçıvan Muxtar Respublikasının prokuroru istisna olmaqla);

4.7. feldyeger rabitəsi orqanının diplomatik pasport əldə etmək hüququna malik olmayan şəxsi heyətə aid əməkdaşları;

4.8. Azərbaycan Respublikası Mərkəzi Bankının baş direktoru, sədrin müşaviri, icra aparatının rəhbəri və onun müavini, departament, şöbə və digər struktur vahidlərinin rəhbərləri və onların müavinləri, böyük mütəxəssisləri (böyük məsləhətçiləri), aparıcı mütəxəssisləri (aparıcı məsləhətçiləri), mütəxəssisləri (məsləhətçiləri), kiçik mütəxəssisləri və onlara bərabər tutulan vəzifəli şəxsləri, Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsinin və digər ərazi idarələrinin rəhbərləri və onların müavinləri;

4.9. Azərbaycan Respublikası Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidmətinin direktor müavini, icra aparatının rəhbəri və onun müavini, şöbə və digər struktur vahidlərinin rəhbərləri və onların müavinləri, böyük mütəxəssisləri (böyük məsləhətçiləri), aparıcı mütəxəssisləri (aparıcı məsləhətçiləri), mütəxəssisləri (məsləhətçiləri) və onlara bərabər tutulan vəzifəli şəxsləri;

4.10. Azərbaycan Respublikasının xarici ölkələrdəki nümayəndəliklərinin inzibati-texniki işçiləri.

5.     Xidməti pasport almaq hüququ olan digər şəxslər:

5.1. Azərbaycan Respublikasının xarici ölkələrdəki nümayəndəliklərinin inzibati-texniki işçiləri üç aydan artıq xarici ölkələrdə işləyərsə, onların arvadı (əri), 18 yaşına çatmamış uşaqları və 18 yaşına çatmış əmək qabiliyyəti olmayan övladları;

5.2. beynəlxalq xətlərdə çalışan dəniz və hava gəmiləri, dəmir yolu, avtonəqliyyat işçiləri.

Xidməti pasportun verilməsi və ya dəyişdirilməsi üçün dövlət rüsumu alınmır.

Azərbaycan Respublikasının xaricdə olan səlahiyyətli şəxsləri bu pasportun sahibinə xaricdə xidməti vəzifələrini yerinə yetirməkdə kömək göstərməyə borcludurlar.

Diqqət! Azərbaycan Respublikası vətəndaşının xidməti pasportuna sahib olan vətəndaşlar xidməti işlə əlaqədar ezam ediləcəyi xarici ölkəyə viza əldə etmək üçün (beynəlxalq müqavilələrə uyğun olaraq vətəndaşların vizasız gediş-gəlişi haqqında qarşılıqlı razılaşma olan ölkələrdən başqa) Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinin müvafiq notası əsasında müvafiq xarici ölkənin Azərbaycan Respublikasında yerləşən (və ya akkreditə olunmuş) diplomatik nümayəndəlik və ya konsulluğuna müraciət etməlidirlər.

Pasport verilməsi haqqında ərizəyə (vəsatətə) baxılması

  • Pasport verilməsi haqqında vətəndaşın ərizəsinə (müəssisənin, idarənin, təşkilatın vəsatətinə) pasportun tipindən asılı olaraq bu Qanunun 4, 5 və ya 6-cı maddələrində nəzərdə tutulmuş müddətlərdə, əgər səfər xaricə gedən şəxsin və ya onunla gedən şəxslərin təcili müalicəsi, yaxud xaricdə yaşayan qohumunun ağır xəstəliyi və ya ölümü ilə bağlıdırsa, bu faktları təsdiqləyən sənəd təqdim edildikdən ən geci 48 saat keçənədək baxılır.
  • Vətəndaşın ölkədən getmək hüququ Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində göstərilmiş hallara əsasən müvəqqəti məhdudlaşdırıldıqda pasport verilməsi haqqında xahiş səbəbləri yazılı şəkildə ərizəçinin (vəsatət verənin) nəzərinə çatdırılmaqla rədd edilir və onların təkrar ərizəsinə (vəsatətinə) imtinanı doğuran səbəblər aradan qaldırıldıqdan sonra baxılır.
  • Vətəndaş haqqında yalan məlumat yazılmış və ya qüvvədən düşmüş sənəd təqdim olunubsa, pasportun verilməsindən imtina edilir və həmin məsələyə yalnız yeni sənədlər təqdim edildikdən sonra baxıla bilər.
  • Dövlət sirrinin mühafizəsi ilə əlaqədar pasportun verilməsindən imtina yalnız Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş hallarda edilir.
  • Pasportun verilməsi haqqında ərizəyə (vəsatətə) baxılmasının süründürülməsindən və ya buna imtina edilməsindən vətəndaş inzibati qaydada və (və ya) məhkəməyə şikayət edə bilər.

Bu Qanunu pozmağa görə məsuliyyət

  • Pasporta yalan məlumatlar daxil edildikdə, pasport oğurlandıqda, saxtalaşdırıldıqda, satıldıqda, qanunsuz hazırlandıqda və ya istifadə edildikdə təqsirli şəxslər Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada inzibati və cinayət məsuliyyəti daşıyırlar.

Azərbaycan Respublikası vətəndaşının pasportu.

  • Azərbaycan Respublikası vətəndaşının pasportu (bundan sonra — pasport) Azərbaycan Respublikasının ərazisindən kənarda vətəndaşın şəxsiyyətini təsdiq edən, habelə ona ölkədən getmək və ölkəyə gəlmək hüququnun həyata keçirilməsi üçün verilən vahid sənəddir.
  • Pasport hər bir Azərbaycan Respublikası vətəndaşına bu Qanunla müəyyən edilmiş qaydada verilir və bütün ölkələrə getmək üçün etibarlıdır.
  • Pasportun ümumvətəndaş, xidməti və diplomatik tipləri vardır. Pasportların təsvirini, spesifikasiyasını və nümunəsini müvafiq icra hakimiyyəti orqanı təsdiq edir.
  • Pasport Azərbaycan Respublikasının mülkiyyətidir, onun vətəndaşdan alınması və ya girov götürülməsi Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulan hallar istisna olunmaqla qəti qadağandır.
  • Hər bir vətəndaş pasportu möhkəm saxlamağa borcludur. Pasport itdikdə vətəndaş pasport verən dövlət orqanlarına, belə hadisə xaricdə baş verərsə, Azərbaycan Respublikasının diplomatik nümayəndəliyinə və ya konsulluğuna dərhal məlumat verməlidir. Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və ya konsulluqları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı ilə birlikdə belə vətəndaşları qısa müddət ərzində Azərbaycan Respublikasına qayıtmaq hüququ verən sənədlə təmin edirlər.
  • Vətəndaş öldükdə onun pasportu, habelə etibarlıq müddəti qurtarmış pasport müvafiq dövlət orqanına təhvil verilir.

Xidməti pasportun rəsmiləşdirilməsi üçün tələb olunan sənədlər

Azərbaycan Respublikası vətəndaşının xidməti pasportunun verilməsi və ya dəyişdirilməsi üçün aşağıdakı sənədləri təqdim etmək lazımdır:

  • Bir ədəd xidməti pasportun verilməsi haqqında təmsil olunan müəssisənin (idarənin, təşkilatın) xüsusi forma üzrə doldurulmuş vəsatəti

a (vəzifəli şəxslərin özləri üçün) (nümunəsi əlavə olunur);
b (vəzifəli şəxslərin ailə üzvləri üçün (nümunəsi əlavə olunur);

  • Vəsatət tam doldurulduqdan və şəxsin təmsil etdiyi müvafiq dövlət orqanının möhürü və rəhbərin imzası ilə təsdiq edildikdən sonra onun əsli təqdim edilməlidir.
  • Şəxsin 2 ədəd rəngli foto-şəkli (3x4sm ölçüdə, ağ fonda);
  • Təmsil edilən müvafiq dövlət orqanı tərəfindən Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin adına ünvanlanan, şəxsin xidməti işlə əlaqədar xarici ölkəyə ezam edilməsi(ezamiyyət tarixi və zəruri hallarda şəxsin ezamiyyə vəzifələrinə münasibətdə səlahiyyət müddəti) və bu məqsədlə onun adına diplomatik pasportun rəsmiləşdirilməsi zərurəti barədə məlumatları özündə əks etdirən rəsmi məktubun əsli;
  • şəxsiyyət vəsiqəsinin əsli və surəti;
  • əvvəlki diplomatik pasportunun əsli və surəti;
  • vəzifəli şəxsin ailə üzvləri üçün nigah haqqında şəhadətnamənin surəti
  • vəzifəli şəxsin 18 yaşı tamam olmamış övladı üçün hər iki valideynin notarial qaydada təsdiq olunmuş razılıq ərizəsi
  • Vəsatət vəzifəli şəxsin 15 yaşı tamam olmamış uşağı barəsində olduqda - qan qrupu haqqında tibbi arayış (uşağın fərdi identifikasiya kartının surəti təqdim edildikdə bu sənəd tələb olunmur);
  • Pasportun etibarlılıq müddəti bitdikdə, yaxud vətəndaşın soyadı, adı, atasının adı dəyişdikdə və ya pasport, o cümlədən onun elektron daşıyıcısı (çip) yararsız hala düşdükdə, yaxud pasportun üzərindəki və ya elektron daşıyıcısındakı məlumatların səhv olduğu müəyyənləşdirildikdə, pasport dəyişdirilməlidir.

Qeyd: Diplomatik pasport almaq hüququ olan vəzifəli şəxsin uşaqlarına müvafiq pasport verildikdə, yalnız 15 yaşı tamam olmuş uşaqlar vəzifəli şəxslə birlikdə vəsatətdə şəxsi imzalarını qeyd edirlər;

 

Pasportda göstərilən məlumatlar

Tiplərindən asılı olmayaraq hər bir pasportda:

  • Azərbaycan Respublikasının adı, dövlət gerbi, ölkənin kodu, pasportun tipi, nömrəsi, sahibinin soyadı, adı, atasının adı, vətəndaşlığı, doğulduğu yer və tarix, cinsi, fərdi identifikasiya nömrəsi, qan qrupu, pasportu verən orqanın adı, verilmə tarixi, etibarlılıq müddəti, pasport sahibinin şəxsi imzası, pasporta aid olan tələblər göstərilir;
  • pasport sahibinin üz təsviri üçün yer, elektron daşıyıcının (çipin) mövcudluğunu göstərən xüsusi işarə və maşınla oxuna bilən iki sətirdən ibarət yazı əks olunur;
  • xarici ölkəyə daxil olmaq üçün rəsmiləşdirilmiş icazələr (vizalar) və digər xüsusi (gömrük və sərhəd məntəqələrini keçməsi barədə) qeydlər edilir.
  • Bundan əlavə xidməti pasportda bu Qanunun 5-ci maddəsinin üçüncü hissəsində, diplomatik pasportda isə bu Qanunun 6-cı maddəsinin beşinci hissəsində nəzərdə tutulmuş hallar göstərilir.
  • Pasportdakı yazılar Azərbaycan Respublikasının dövlət dilində və ingilis dilində göstərilir.
  • Pasportda elektron daşıyıcı (çip) yerləşdirilir. Elektron daşıyıcıya (çipə) bu maddənin birinci hissəsinin 1-ci bəndində göstərilən məlumatlar (pasport sahibinin imzası istisna olmaqla), pasport sahibinin üz təsviri, 15 yaşına çatmış vətəndaşın əl-barmaq izi və müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edildiyi halda digər məlumatlar daxil edilir.
  • Bu maddədə nəzərdə tutulmuş məlumatları pasporta və ya onun elektron daşıyıcısına daxil edən vəzifəli şəxs həmin məlumatların düzgünlüyünə görə cavabdehdir.

Arxiv üzrə axtarış