Azərbaycanın Tacikistandakı Səfirliyində 20 Yanvar – Ümumxalq Hüzn Gününün 35-ci ildönümünə həsr olunmuş anım tədbiri və mətbuat konfransı keçirilib
Azərbaycanın Tacikistandakı Səfirliyində 20 Yanvar – Ümumxalq Hüzn Gününün 35-ci ildönümünə həsr olunmuş anım tədbiri və mətbuat konfransı keçirilib.
Azərbaycan Respublikasının Tacikistandakı Səfirliyinin təşkilatçılığı ilə baş tutmuş tədbirdə jurnalistlər, səfirliyin əməkdaşları, Azərbaycan icmasının nümayəndələri, o cümlədən bu ölkədə təhsil alan azərbaycanlı tələbələr iştirak ediblər.
Anım tədbirində ilk olaraq 20 Yanvar şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Azərbaycanın Tacikistandakı səfiri Əlimirzamin Əskərov 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş sovet ordusunun hərbi hissələrinin müstəqil dövlət yaratmaq və öz suverenliyini əldə etmək üçün Bakı şəhərində ayağa qalxan dinc əhaliyə qarşı misli görünməmiş qətliam törətdiyini, bu qanlı cinayətin insanların azadlıq eşqini söndürə bilmədiyini, xalqımızın qanı bahasına da olsa, öz dövlət müstəqilliyinə qovuşduğunu bildirib.
Həmçinin, mətbuat konfransı zamanı jurnalistlər 20 yanvar faciəsi ilə yanaşı, Qazaxıstanda baş vermiş təyyarə qəzası, azərbaycanlıların Qərbi Azərbaycana qayıdış məsələsi, Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyası ilə bağlı son işlər, Tacikistan-Azərbaycan əlaqələrinə dair suallar səsləndiriblər. Səfir verilən suallar ətrafında geniş məlumat verib.
Tədbir çərçivəsində Səfirlikdə “Qanlı Yanvar”a həsr olunmuş guşə yaradılıb və faciə ilə bağlı videoçarx nümayiş etdirilib. Guşədə 20 Yanvar faciəsi haqqında məlumatlar və hadisənin dəhşətli anlarını əks etdirən fotoşəkillər nümayiş olunub.