2024-12-13

Səfir Əlimirzamnin Əskərov Tacikistan Aqrar Universitetinin “Nizami və dünya ədəbiyyatı” mövzusunda təşkil etdiyi tədbirdə çıxış etmişdir

13 dekabr 2024-cü il tarixdə Tacikistan Aqrar Universitetinin təşkilatçılığı ilə “Nizami və dünya ədəbiyyatı” mövzusunda tədbir təşkil olunmuşdur.

Tacikistan Aqrar Universitetinin rektoru tədbiri giriş sözü ilə açaraq, Nizami Gəncəvinin həyat və yaradıcılığı haqqında qısa məlumat vermişdir.

Daha sonra çıxış edən Azərbaycan Respublikasının Tacikistandakı səfiri Əlimirzamin Əskərov tədbir iştirakçılarını salamlamış və dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi ilə bağlı tədbirin təşkilinə görə universitet rəhbərliyinə təşəkkürünü bildirmişdir.

Səfir çıxışında, Nizami Gəncəvinin həyatı, yaradıcılığı və yazdığı əsərlər barədə ətraflı məlumat vermişdir. Nizaminin əsərlərinin Azərbaycan ədəbiyyatının zəngin xəzinəsində özünəməxsus yer tutduğunu qeyd edən səfir, dahi yazıçı və şairlərin Nizami Gəncəvi haqqında söylədikləri fikirlərdən nümunələr gətirmişdir.

Nizami dühasının hər zaman dünya şərqşünaslığının diqqət mərkəzində olduğu, ölkəmizdə Nizami sənətinin öyrənilməsi və tanıdılması sahəsində xeyli iş görüldüyü, kitablarının nəfis tərtibatda və kütləvi tirajla nəşr edildiyi qeyd edilmişdir. Həmçinin, mütəfəkkir şairin doğma şəhəri Gəncədə məqbərəsinin, Bakıda, Sankt-Peterburqda, Minskdə, Romada və başqa şəhərlərdə heykəllərinin ucaldıldığı, Azərbaycan Milli Elmlər Akademiyasının Ədəbiyyat İnstitutunun və Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Nizami Gəncəvinin adını daşıdığı, Böyük Britaniyanın Oksford Universitetinin Nizami Gəncəvi Mərkəzinin uğurla fəaliyyət göstərdiyi tədbir iştirakçılarının diqqətinə çatdırılmışdır.

Səfir, Nizami Gəncəvinin yubileylərinin ölkəmizdə hər zaman təntənə ilə keçirildiyini, Azərbaycanın klassik ədəbi-mədəni irsinə həmişə milli təəssübkeşlik və vətənpərvərlik mövqeyindən yanaşan ümummilli lider Heydər Əliyevin Nizami irsinə də xüsusi diqqət yetirdiyini, ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1979-cu ildə qəbul olunmuş “Azərbaycanın böyük şairi və mütəfəkkiri Nizami Gəncəvinin irsinin öyrənilməsini, nəşrini və təbliğini daha da yaxşılaşdırmaq tədbirləri haqqında” qərarın Nizami yaradıcılığının tədqiqi və təbliği üçün yeni perspektivlər açdığını vurğulamışdır.

Nizami Gəncəvinin anadan olmasının 880 illiyi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən 2021-ci ilin Azərbaycanda “Nizami Gəncəvi İli” elan edilməsini qeyd edən səfir, dahi Azərbaycan şairinin Tacikistanda da sevildiyini və ona ehtiram bəsləndiyini söyləmişdir.

Səfir, çıxışın sonunda Nizami Gəncəvi irsini tədqiq edən hər bir kəsə uğurlar arzulamışdır.

Daha sonra, Tacikistanın Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyətinin sədr müavini, tacik dili və ədəbiyyatı kafedrasının müdiri, Lomonosov adına Moskva Dövlət Universitetinin Tacikistandakı filialının müəllimi və başqaları çıxış etmişlər.

Səfirlik tərəfindən tacik dilinə tərcümə edilmiş Nizami Gəncəvinin “Xəmsə” kitabı, həmçinin Ümummilli Lider Heydər Əliyev, Prezident İlham Əliyev və Şuşaya həsr olunmuş kitablar səfir tərəfindən universitetin kitabxanasına hədiyyə edilmişdir. 

Sonda, tədbir iştirakçılarına sertifikatlar təqdim olunmuşdur.

Arxiv üzrə axtarış