2024-11-27

Səfir Əlimirzamnin Əskərov “SPECA regionunda yaşıl inkişaf” mövzusunda Tacikistanda keçirilən İqtisadi Forumda çıxış etmişdir

26-28 noyabr 2024-cü il tarixlərində Tacikistanın Düşənbə şəhərində  “SPECA regionunda yaşıl inkişaf” mövzusunda İqtisadi Forum keçirilir.

26 noyabrda keçirilən açılış mərasimində, SPECA-nın (BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı) hazırkı sədri, Tacikistan Respublikası iqtisadi inkişaf və ticarət nazirinin müavini Ahliddin Nuriddinzoda açılış nitqi ilə çıxış edib.

Forumun birinci sessiyası “SPECA regionunda yaşıl inkişaf üzrə yüksək səviyyəli siyasət dialoqu”na həsr olunub.

Forumda çıxış edən Azərbaycan Respublikasının Tacikistandakı səfiri Əlimirzamin Əskərov tədbir iştirakçılarını salamlamış və tədbirin yüksək səviyyədə təşkilinə görə Tacikistan tərəfinə təşəkkürünü bildirmişdir.

Səfir çıxışında, bu forumun region ölkələri arasında əməkdaşlığın dərinləşdirilməsi, davamlı və yaşıl gələcək üçün yeni təşəbbüslərin inkişaf etdirilməsi istiqamətində mühüm addım rolunu oynadığını, iqlim dəyişikliyi, təbii ehtiyatların tükənməsi və davamlı iqtisadi artım modellərinə keçidin təcili zərurəti kimi hazırda üzləşdiyimiz qlobal çağırışlar nəzərə alınmaqla "SPECA Regionunda Yaşıl İnkişaf" mövzusunun uyğun zamanda müzakirə edildiyini qeyd etmişdir.

Səfir həmçinin, bu keçidə nail olmaq üçün təkcə enerji sistemlərinin transformasiyasını deyil, həm də resursların davamlılığı, ekosistemin qorunması və “yaşıl” sektorlarda yeni məşğulluq imkanlarının yaradılması üçün innovativ strategiyaların qəbulunun tələb olunduğunu, qlobal cəbhədə iqlim dəyişikliyinin təsirləri ilə yanaşı, iqtisadi və siyasi qeyri-sabitliklə mübarizə apardığımızı və bunların hər birinin yeni həllər və innovativ yanaşmalar tələb etdiyini bildirmişdir.

Bu sahədə öz məsuliyyətini dərk edən Azərbaycanın enerji səmərəliliyinin artırılmasına, bərpa olunan enerji mənbələrinin inkişafına və karbon qazının azaldılmasına yönəlmiş yaşıl inkişaf strategiyasını fəal şəkildə davam etdirdiyi, Azərbaycanın təşəbbüsü ilə strateji yaşıl maliyyələşdirmə proqramlarında iştirak etdiyi vurğulanmışdır.

Noyabrın 14-də Bakıda keçirilən Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi Konfransı - COP29 çərçivəsində SPECA-nın Nazirlər Toplantısında nəinki SPECA İqlim və İnnovasiya Dialoqunu təsis edilməsi, həm də bu transformativ Fondun fəaliyyətə başlamasının rəsmi olaraq elan edildiyini qeyd etmişdir.

UNECE, ESCAP və SPECA iştirakçı dövlətləri tərəfindən yaradılmış SPECA Çoxtərəfli Etimad Fondunun COP29-da işə salınmasının Davamlı İnkişaf Məqsədləri kimi qlobal çərçivələrə uyğunlaşdırılaraq regional iqlim təşəbbüslərinin icra edilə bilən layihələrə çevrilməsində mühüm addım olduğunu bildirən səfir, SPECA İqlim-Ağıllı Şəhərlər Forumu üzrə Bakı Bəyannaməsinin imzalandığı COP29 çərçivəsində Avropa Yenidənqurma və İnkişaf Bankının SPECA regionundan Yaşıl Şəhər Liderlərinin Dəyirmi Masasının da keçirildiyini, dəyirmi masanın məqsədinin şəhər iqlimi ilə bağlı ən yaxşı təcrübələri bölüşmək, bu sahədə dialoqa, innovativ yanaşmaya və maliyyə həllərinin tətbiqinə nail olmağa yönəldiyini söyləmişdir.

Səfir qeyd etmişdir ki, SPECA regionu yaşıl inkişaf sahəsində inteqrasiya olunmuş və qarşılıqlı faydalı həllərin inkişafı üçün əhəmiyyətli potensiala malikdir. Səylərin birləşdirilməsi ilə təbii ehtiyatlardan səmərəli istifadəni təmin edə, karbon emissiyalarını azalda və ekoloji problemlər qarşısında iqtisadiyyatların dayanıqlığını artıra biləcəyi, SPECA-nın iştirakçı dövlətləri ilə yaşıl inkişaf sahəsində əməkdaşlığın, təcrübə mübadiləsi və ən yaxşı təcrübələrin tətbiqi dinamik və davamlı regionun yaradılmasında əsas amilə çevrilə bilər. Azərbaycan ümumi məqsədlərə nail olmaq üçün öz təcrübəsini və resurslarını təklif edərək bu proseslərdə fəal rol oynamağa davam etməyə hazırdır.

Səfir çıxışın sonunda bütün iştirakçılara forumda uğurlu təcrübə arzulamış, əməkdaşlığın nəticələrinin region və bütövlükdə dünya üçün davamlı və ekoloji cəhətdən təhlükəsiz gələcək yaradılmasına mühüm töhfə verəcəyini qeyd etmişdir.

Arxiv üzrə axtarış