2024-09-27

Səfir Əlimirzamin Əskərov Tacikistan Milli Universitetinin Beynləxalq münasibətlər fakültəsinin tələbələrinə “Azərbaycan-Tacikistan münasibətləri” mövzusunda mühazirə oxuyub

Azərbaycan Respublikasının Tacikistandakı səfiri Əlimirzamin Əskərov bu ölkənin nüfuzlu və tanınmış ali təhsil müəssisəsi sayılan Tacikistan Milli Universitetinin Beynləxalq münasibətlər fakültəsinin tələbələrinə “Azərbaycan-Tacikistan münasibətləri” mövzusunda mühazirə oxuyub.

Tələbələrə mühazirənin oxunması üçün vətən müharibəsinin başlandığı gün - 27 sentyabr tarixi müəyyən olunub. Şəhidlərimizin əziz xatirəsi yad edildikdən sonra, sözügedən universitetin rəhbər və müəllim heyətinin iştirakı ilə keçirilən görüş zamanı Azərbaycan barədə geniş təqdimatla çıxış edən səfir, tədbir iştirakçılarını müsəlman şərqinin ilk demokratiyası olan ölkəmizin tarixi, zəngin mədəniyyəti, neft sənayesinin inkişaf mərhələləri, müstəqilliyinin bərpasının ilk illərində qarşılaşdığı çətinliklər və buna baxmayaraq qısa müddət ərzində keçdiyi uğurlu inkişaf yolu haqqında məlumatlandırıb, həmçinin Ümummilli lider Heydər Əliyevin Azərbaycan dövlətinin inkişafında oynadığı müstəsna rol və onun ideyaları əsasında regionda həyata keçirilmiş layihələr barədə söhbət açıb.

Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılmış Vətən müharibəsinin başlamasından dörd il ötdüyü, uzun illər işğal altında qalan torpaqlarımızın qəhrəman şəhidlərimizin qanı və canı bahasına işğaldan azad edildiyi, Vətən müharibəsinin başladığı günün – sentyabrın 27-nin Anım Günü kimi qeyd edilməsinin qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizə dərin ehtiramın ifadəsi olduğu auditoriya iştirakçılarına çatdırılıb.

Səfir, keçmiş münaqişə və regionun reallıqları, erməni təcavüzünün tarixi, 30 illik işğal dövründə ölkəmizin üzləşdiyi çətinliklər, ikili standartlar, 44 günlük ikinci vətən müharibəsi və Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən son dövrdə Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbiləri onların nəticələri, hal-hazırda davam edən sülh prosesi, ölkəmizdə aparılan genişmiqyaslı bərpa-quruculuq işləri, eləcə də məcburi köçkünlərin qayıdışının təhlükəsiz şəkildə həyata keçirilməsi üçün həyata keçirilən tədbirlər barədə məlumat verib.

Soydaşlarımızın Qərbi Azərbaycandan ötən əsrin müxtəlif illərində mərhələli və kütləvi şəkildə qovulduğunu bildirən səfir, bütün bunlara baxmayaraq hər bir azərbaycanlının şüurunda Qərbi Azərbaycan torpaqlarının xatirəsinin qorunub saxlanıldığını, Qərbi Azərbaycanın bizim tarixi torpaqlarımız olduğunun tarix, şahidlər, sənədlər və xəritələrə əsasən sübut edildiyini qeyd edib.

Səfir, son illərdə Azərbaycanın təşəbbüskarı və iştirakçısı olduğu beynəlxalq transmilli enerji və nəqliyyat layihələrin reallaşması nəticəsində ölkəmizin beynəlxalq nəqliyyat dəhlizinə, nəqliyyat mərkəzinə çevrilməsi və bunun həm region, həm də bütün Avrasiya miqyasında geosiyasi proseslərə müsbət təsirlərindən bəhs edib, habelə işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda yaşıl enerji zonalarının yaradılması, bu ərazilərdə ekosistemin bərpasına töhfə verən “ağıllı şəhər” və “ağıllı kənd” kimi innovativ yanaşmaların tətbiq edilməsi barədə məlumat verib.

Bununla yanaşı, səfir mötəbər beynəlxalq tədbirlərdən biri olan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29), Kioto Protokolunun Tərəflər görüşünün 19-cu və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyalarının 2024-cü ilin noyabr ayında Azərbaycanda keçirilməsi ilə bağlı qərarın dünya ictimaiyyəti tərəfindən ölkəmizə göstərilən etimadın növbəti ifadəsi olduğunu qeyd edib, bu sahədə görülən hazırlıq işləri və qəbul olunan sənədlər barəsində məlumat verib, habelə Azərbaycanda ətraf mühitin qorunması və ölkənin iqlim dəyişmələrinə qarşı qlobal mübarizəyə verdiyi töhfələrdən bəhs edib, o cümlədən Tacikistanın da iqlim dəyişikliyi ilə bağlı problemlərin həllinə xüsusi diqqət yetirdiyini vurğulayıb.

Bundan əlavə, səfir Azərbaycan ilə Tacikistan arasındakı ikitərəfli əlaqələrə toxunaraq, qarşılıqlı fəaliyyətin əsasında çoxəsrlik tarix boyu əməkdaşlıq etmiş, dost olmuş, birlikdə qurub-yaratmış hər iki xalqın iradəsi dayandığını, 1990-cı illərdə Azərbaycan və Tacikistanın böyük çətinliklərlə üzləşdiyini, lakin hər iki ölkənin müdrik rəhbərləri sayəsində qanlı səhifələri çevirərək inkişaf və tərəqqi yoluna qədəm qoyduğunu, bu gün dövlətlərarası münasibətlərimizin ən yüksək səviyyəyə çatdığını, münasibətlərin inkişafında Azərbaycan Prezidenti cənab İlham Əliyevin və Tacikistan Prezidenti cənab Emoməli Rəhmonun xüsusi və etibarlı dostluq münasibətlərinin mühüm rol oynadığını, iki dövlət arasında Strateji Tərəfdaşlıq Bəyannaməsinin imzalanmasının Azərbaycanla Tacikistan arasında möhkəm dostluq münasibətlərinin yüksək səviyyəsini əks etdirdiyini, hər iki ölkənin bir-birini həm ikitərəfli həm də beynəlxalq arenada daima dəstəklədiyini bildirib, son dövrlərdə həyata keçirilən qarşılıqlı səfərlər, ölkələrimiz arasında mədəniyyət, turizm, təhsil və digər sahələrdə əməkdaşlıq imkanlarının genişləndirilməsi, eləcə də xarici tələbələr üçün ölkəmizdə mövcud olan təhsil imkanları, təcrübə və təqaüd proqramları barədə məlumat verib.

Səfir, ölkələrimiz arasında siyasi, iqtisadi, parlament, mədəniyyət, ticari-iqtisadi sahədə əlaqələrin mövcud olduğunu, Azərbaycan ilə Tacikistan arasında birbaşa uçuşların fəaliyyətinin bərpa edildiyini və  bunun ölkələrimiz arasında iqtisadi və turizm əlaqələrinin dərinləşməsinə, eləcə də xalqlarımız arasındakı əlaqələrin daha da güclənməsinə təkan verəcəyini ifadə edib, habelə Düşənbədə azərbaycanlı heykəltəraşların əsərlərinin mövcud olması, şəhərlər arasında Qardaşlaşma haqqında memorandum imzalanması barədə məlumat verib.

Tacikistan gəncliyinin ictimai həyatın bütün sferalarında aktiv fəaliyyəti ilə seçildiyini və siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində onların mühüm rol oynadığını bildirən səfir, tələbələrə gələcək işlərində uğurlar arzulayıb.

Ölkəmiz haqqında verilən məlumatlar auditoriyanın geniş marağına səbəb olub və ünvanlanan bir sıra suallar cavablandırılıb.

Arxiv üzrə axtarış