Tacikistanın paytaxtı Düşənbə şəhərində İsveçrənin rəhbərlik etdiyi Seçki Qrupunun toplantısı keçirilmişdir
1-3 iyul 2024-cü il tarixlərində Tacikistanın paytaxtı Düşənbə şəhərində İsveçrənin rəhbərlik etdiyi Seçki Qrupunun toplantısı keçirilmişdir.
Azərbaycan sözügedən tədbirdə Azərbaycan Respublikası Mərkəzi Bankının sədri Taleh Kazımovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunmuşdur.
1 iyul 2024-cü il tarixdə Azərbaycan Respublikası Mərkəzi Bankının sədri Taleh Kazımov Tacikistan Respublikası Milli Bankının sədri Firdavs Tolibzoda ilə görüş keçirmişdir.
Görüşdə, banklar arasında əməkdaşlığın mövcud vəziyyəti, ikitərəfli əlaqələrin daha da möhkəmləndirilməsi imkanları barəsində müzakirələr aparılmışdır.
2 iyul 2024-cü il tarixdə Seçki Qrupunun toplantısında çıxış edən Taleh Kazımov ölkədə uzunmüddətli dayanıqlı inkişafı və rifahı şərtləndirən ardıcıl islahatların həyata keçirilməsi, ölkənin əsas makroiqtisadi göstəriciləri və maliyyə sektorunun inkişaf tendensiyaları ilə bağlı tədbir iştirakçılarına məlumat vermiş, həmçinin COP29 kimi qlobal əhəmiyyətli tədbirə Azərbaycanın ev sahibliyi etməsi və bundan irəli gələn fəaliyyətlərin əhəmiyyətini vurğulamışdır.
Həmin gün, Taleh Kazımov İsveçrə Milli Bankının sədri Tomas Cordan və Özbəkistan Milli Bankının sədri Mamarizo Nurmurotov ilə görüşlər keçirmişdir.
Görüşlərdə, Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə hər iki ölkənin mərkəzi bankları arasında əməkdaşlığın cari vəziyyəti və perspektivləri ilə bağlı müzakirələr aparılmışdır. Həmin gün, Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə Özbəkistan Milli Bankı arasında Anlaşma Memorandumu imzalanmışdır.