2024-05-31

Azərbaycan Respublikasının Tacikistan Respublikasındakı Səfirliyində 28 May – Müstəqillik Günü münasibətilə rəsmi qəbul keçirilib

Hər iki ölkənin dövlət himnləri səsləndirildikdən sonra Azərbaycan Respublikasının Tacikistandakı səfiri Əlimirzamin Əskərov ziyafətdə çıxış edərək, 106 il əvvəl müsəlman Şərqində qurulmuş ilk demokratik, hüquqi, dünyəvi və parlament respublikası olan Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) tarixi əhəmiyyəti və həmin dövrdə görülmüş müstəsna əhəmiyyətli işlər barəsində söhbət açıb.

Həmçinin, AXC-nin varisi olan Azərbaycan Respublikasının müstəqilliyini bərpa etdikdən sonra qazanılmış uğurlardan, Ümummilli Lider Heydər Əliyevin dövlət quruculuğu sahəsində misilsiz xidmətlərindən danışıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən və yeni çalarlarla zənginləşdirilmiş sosial-iqtisadi siyasət  nəticəsində Azərbaycanın daha da güclənməsi, siyasi, iqtisadi, hərbi cəhətdən dünyada yüksək nüfuz qazanması və böyük inkişafa, sabitliyə nail olunması barədə ziyafət iştirakçılarına geniş məlumat verib.  

Səfir çıxışında, Azərbaycanın böyük enerji və nəqliyyat layihələri, "Yeni enerji strategiyası"na uyğun olaraq enerji ehtiyatlarının dünya bazarlarına çıxarılması, bərpaolunan enerji istiqamətində atılan addımlar, Azərbaycanın təşəbbüskarı və iştirakçısı olduğu beynəlxalq transmilli layihələr barəsində söhbət açıb.

Bu ilin noyabr ayında BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycanda keçirilməsinin dünya ölkələri tərəfindən ölkəmizə göstərilən böyük hörmət və rəğbətin, eyni zamanda, yaşıl enerjiyə keçid sahəsində dövlətimizin uğurlarına verilən qiymətin göstəricisi olduğu qeyd olunub.

Azərbaycanın 2020-ci ildə 44 günlük Vətən müharibəsi nəticəsində beynəlxalq birlik tərəfindən tanınmış sərhədləri daxilində öz ərazi bütövlüyünü və suveren hüququnu bərpa etdiyi, işğaldan azad olunmuş ərazilərdə quruculuq işlərinin həyata keçirildiyi vurğulanıb və Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş şəxslər, ölkəmizin üzləşdiyi mina təhlükəsi barədə məlumat verilib.

Azərbaycanın Cənubi Qafqazda sülhün təmin olunması istiqamətində Ermənistana sülh sazişi təklif etdiyini diqqətə çatdıran səfir, Azərbaycanla Ermənistan arasında sülh danışıqlarının davam etdiyini və sərhədlərin delimitasiya prosesinin aparıldığını, Böyük Qayıdış Proqramı çərçivəsində məskunlaşma prosesinin həyata keçirildiyini vurğulayıb və bir neçə ölkə tərəfindən işğaldan azad olunmuş ərazilərdə inşa etdirilən və tikintisi planlaşdırılan layihələr barədə söhbət açıb.

Səfir, hər iki ölkənin dövlət başçıları arasında yaranmış xüsusi və etibarlı dostluq münasibətlərinin ölkələrimiz arasında münasibətlərin inkişafına güclü təkan verdiyini vurğulayıb.

Tacikistan Prezidentinin son günlərdə Azərbaycana həyata keçirdiyi dövlət səfəri zamanı xalqlarımızın iradəsini əks etdirən və qarşılıqlı fəaliyyətin demək olar ki, bütün sahələrini əhatə edən Strateji Tərəfdaşlıq Bəyannaməsinin imzalanmasının münasibətlərimizin xarakterini, ruhunu, həmçinin Azərbaycanla Tacikistan arasında möhkəm dostluq münasibətlərinin yüksək səviyyəsini əks etdirdiyini vurğulayıb.

Bildirilib ki, çoxəsrlik tarix boyu əməkdaşlıq etmiş, dost olmuş, birlikdə qurub-yaratmış xalqlarımızın iradəsi iki dövlət arasındakı qarşılıqlı fəaliyyətin əsasını təşkil edir və ölkələrimiz arasında siyasi, iqtisadi və humanitar sahələr də daxil olmaqla müxtəlif istiqamətlərdə əməkdaşlıq sürətlə inkişaf edir.

Ziyafət, Azərbaycan musiqisinin sədaları altında davam edib və ölkəmizlə bağlı videoçarxlar, habelə COP29-a dair loqo və videoçarxlar nümayiş olunub. Qonaqlara Azərbaycanın milli mətbəx nümunələri və şirniyyatları təqdim edilib.

Tacikistan Respublikasının ticarət və iqtisadi inkişaf naziri, Azərbaycan-Tacikistan Hökumətlərarası Komissiyanın həmsədri Zavqi Zavqizoda əsas qonaq qismində ziyafətdə iştirak edib. Həmçinin, Tacikistanda akkreditə olunmuş xarici diplomatik missiyaların rəhbərləri, əməkdaşları, digər dövlət qurumlarının və ictimaiyyətin nümayəndələri, eləcə də Azərbaycan diasporasının üzvləri də ziyafətdə iştirak ediblər.

Arxiv üzrə axtarış