2024-05-23

Tacikistan Prezidenti Emoməli Rəhmonun rəsmi qarşılanma mərasimi olub

Azərbaycan Respublikasına dövlət səfərinə gələn Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmonun mayın 23-də rəsmi qarşılanma mərasimi olub.

Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Tacikistan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Azərbaycan Prezidenti İlham Əliyev Tacikistan Prezidenti Emoməli Rəhmonu qarşıladı.

Fəxri qarovul dəstəsinin rəisi Tacikistan Prezidentinə raport verdi.

Prezident İlham Əliyev və Prezident Emoməli Rəhmon fəxri qarovul dəstəsinin qarşısından keçdilər.

Tacikistan Prezidenti Azərbaycan əsgərlərini salamladı.

Tacikistan Respublikasının və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndirildi.

Azərbaycan nümayəndə heyəti Tacikistan Prezidentinə, Tacikistan nümayəndə heyəti isə Azərbaycan Prezidentinə təqdim olundu.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Tacikistan Prezidenti Emoməli Rəhmonun qarşısından keçdi.

Dövlət başçıları rəsmi foto çəkdirdilər.

Arxiv üzrə axtarış