Azərbaycan və Tacikistan parlamentləri arasında Əməkdaşlıq haqqında Saziş imzalanıb
Martın 3-də Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə rəsmi səfərdə olan Tacikistan Respublikası Ali Məclisi Milli Məclisinin sədri Rüstəm Emoməli ilə görüşüb.
Milli Məclisin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, qonağı Milli Məclisdə salamlamaqdan məmnunluğunu bildirən Sahibə Qafarova səfərin iki ölkə arasında qarşılıqlı münasibətlərin inkişafına töhfə verəcəyinə inamını ifadə edib. Milli Məclisin sədri iki ölkənin diplomatik əlaqələrinin qurulmasının 30 illik yubileyinin tamam olduğunu qeyd edərək, siyasi, iqtisadi, mədəni-humanitar sahələrdə münasibətlərin inkişafından danışıb.
Sahibə Qafarova ölkələrimiz və xalqlarımız arasında əlaqələrin dərinləşməsində dövlət başçılarının qarşılıqlı səfərlərinin əhəmiyyətini vurğulayıb, imzalanan sənədlərin əhatə dairəsinin genişləndirilməsi üçün daha böyük potensialın olduğunu deyib.
Milli Məclisin sədri Azərbaycanla Tacikistan parlamentləri arasında mövcud əməkdaşlıq əlaqələri barədə fikirlərini bölüşüb, qarşılıqlı parlamentlərarası dostluq qruplarının fəaliyyətini xüsusi qeyd edib.
Sahibə Qafarova bu gün Azərbaycan Respublikasının Milli Məclisi ilə Tacikistan Ali Məclisinin Milli Məclisi arasında imzalanacaq əməkdaşlıq haqqında Sazişin qarşılıqlı münasibətlərimizin inkişafına xidmət edəcəyinə əminliyini bildirib.
Görüşdə parlamentin sədri Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı möhtəşəm Zəfər barədə geniş məlumat verib. Diqqətə çatdırıb ki, 2020-ci ildə Azərbaycan Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və şanlı Ordumuzun şücaəti sayəsində Ermənistanın 30 illik işğalına son qoyaraq 20 faiz ərazisini işğaldan azad edib, bununla da ərazi bütövlüyünü və BMT-nin 4 qətnaməsinin icrasını özü təmin edib. O qeyd edib ki, Ermənistan 30 il ərzində işğal altında saxladığı şəhər və rayonlarımızda şəhərləri, kəndləri, xalqımıza məxsus tarixi, mədəni abidələri, məscidləri dağıdıb, talan edib. Milli Məclisin sədri işğaldan azad olunmuş ərazilərimizdə aparılan bərpa və quruculuq işləri barədə məlumat verərək nəzərə çatdırıb ki, münaqişə artıq keçmişdə qalıb. İndi ölkəmiz bölgədə uzunmüddətli sülhün və sabitliyin təmin olunmasında maraqlıdır və bu istiqamətdə lazımi addımlar atır. Qısa müddət ərzində çox böyükhəcmli işlər görülüb, ərazilərin minalardan təmizlənməsi işinə başlanıb, yeni nəqliyyat infrastrukturu yaradılıb. Azərbaycan həmin ərazilərdən məcburi köçkün olmuş vətəndaşlarının tezliklə öz evlərinə qayıtmasına çalışır. İnanırıq ki, Ermənistan reallığı düzgün qiymətləndirəcək və tezliklə iki ölkə arasında sülh sazişi imzalanacaqdır.
Milli Məclisin sədri işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən layihələrin, Zəngəzur dəhlizinin fəaliyyətə başlamasının regionun daha da inkişafına xidmət edəcəyinə əminliyini ifadə edib.
Görüşdə Tacikistan Respublikası Ali Məclisi Milli Məclisinin sədri Rüstəm Emoməli ölkəmizə səfərə dəvətə görə, Sahibə Qafarovaya təşəkkürünü bildirib. O, spiker vəzifəsində Azərbaycana ilk rəsmi səfərini etdiyini diqqətə çatdıraraq, Azərbaycanın zəngin parlamentarizm tarixi olduğunu qeyd edib. Diqqətə çatdırıb ki, Tacikistan Azərbaycanla tarixi və mədəni ortaqlığa əsaslanan ənənəvi dostluq əlaqələrini yüksək qiymətləndirir. Azərbaycan Tacikistanın xarici siyasətində mühüm yer tutur. Əlaqələrimiz həm ikitərəfli, həm də çoxtərəfli əsasda, həmçinin beynəlxalq təşkilatlarda əməkdaşlıq çərçivəsində uğurla inkişaf edir.
Söhbət zamanı Rüstəm Emoməli bu gün iki ölkənin parlamentləri arasında imzalanacaq əməkdaşlıq haqqında sazişin iki dost ölkənin parlamentlərarası əlaqələrinin daha da inkişafına kömək edəcəyinə əminliyini bildirib.
Sonra görüşdə ölkələr arasında iqtisadi-ticari, nəqliyyat, təhsil və mədəniyyət sahələrində əlaqələrə dair məsələlər müzakirə olunub.
Görüşdən sonra Azərbaycan Respublikasının Milli Məclisi ilə Tacikistan Ali Məclisinin Milli Məclisi arasında Əməkdaşlıq haqqında Saziş imzalanıb.