Azərbaycan ilə Tacikistan arasında əlaqələr və UNESCO çərçivəsində əməkdaşlığın perspektivləri müzakirə olunub
Azərbaycanın Tacikistandakı səfiri Əlimirzamin Əskərov UNESCO-nun Tacikistan üzrə milli komissiyasının məsul katibi Zülfiyə Burhon ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycan ilə Tacikistan arasındakı mövcud əlaqələr və UNESCO çərçivəsində əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Z.Burhon ikitərəfli münasibətlərin inkişafından məmnunluğunu ifadə edib, o cümlədən mədəniyyət sahəsində əməkdaşlığın daha da genişləndirilməsi üçün əlverişli imkanların mövcudluğunu diqqətə çatdırıb.
Səfir Azərbaycanın UNESCO-nun ümumi fəaliyyətinə verdiyi önəmli töhfə barədə danışıb, sivilizasiyalar, mədəniyyətlər və xalqlar arasında dialoqun təşviqi istiqamətində keçirilən dövlət siyasətindən bəhs edib. Diplomat buna misal olaraq ölkəmizin Dünya Mədəniyyətlərarası Dialoq və Beynəlxalq Humanitar forumları, həmçinin UNESCO-nun mühüm tədbirlərinə ev sahibliyi etməsini göstərib.
Ə.Əsgərov Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın qurumun fəaliyyətində və onun təbliğ etdiyi universal dəyərlərin yayılmasında, ümumbəşəri mədəni irsin qorunması və gələcək nəsillərə çatdırılmasında əvəzsiz xidmətlərindən bəhs edərək, Fond tərəfindən nəinki Azərbaycanda, o cümlədən dünyanın müxtəlif ölkələrində mədəniyyət, təhsil, elm, səhiyyə və s. sahələrdə vacib layihələrin həyata keçirildiyini qeyd edib.
Diplomat Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal olunması, orada etnik təmizlənmə siyasəti aparılması, qəbiristanlıqların, ibadət yerlərinin talan edilməsi, bu hərbi təcavüz nəticəsində bir milyonadək azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətinə düşməsi faktlarını məsul katibin diqqətinə çatdırıb.
Görüşdə ikitərəfli və UNESCO çərçivəsində qarşılıqlı əməkdaşlığın genişləndirilməsi, mütəmadi görüşlərin təşkili, elm, təhsil, mədəniyyət, humanitar sahələrdə əməkdaşlığın dərinləşməsi və tərəfləri maraqlandıran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.