2022-02-06

Azərbaycan universitetləri ilə Tacikistan Milli Universiteti arasında əməkdaşlıq məsələləri müzakirə olunub

Azərbaycanın Tacikistandakı səfiri Əlimirzamin Əskərov Düşənbədəki Tacikistan Milli Universiteti (TMU) ilə tanış olub.

AZƏRTAC xəbər verir ki, TMU-nun rektoru Qabilcan Xuşvəxtzadə qonağa universitetin tarixi, beynəlxalq əlaqələri, tədris prosesi, elm sahəsi haqqında ətraflı danışıb, universitetin nüfuzlu ali təhsil ocaqlarından biri olduğu, burada müxtəlif dillərin tədris edildiyi, dil və mədəniyyət mərkəzlərinin fəaliyyət göstərdiyi barədə məlumat verib.

Ə.Əskərov Azərbaycan universitetləri ilə TMU arasında əməkdaşlığın daha da genişləndirilməsində maraqlı olduğunu bildirib. Səfir Azərbaycan və Tacikistan arasında təhsil sahəsində əlaqələrin inkişaf etdirildiyini söyləyib, bu təhsil ocağı ilə birgə həyata keçiriləcək layihələrə dəstək olacağını qeyd edib.

Görüşdə universitetlərarası əlaqələrin genişləndirilməsi, tələbə və müəllim mübadiləsi, birgə tədqiqat işlərinin aparılması, layihələrin hazırlanması kimi məsələlər müzakirə olunub.

Sonda səfir universitetin iqtisadiyyat və maliyyə fakültələrinin binasında yerləşən “Millətin lideri” muzeyinə baxıb, universitetin tarixinin əsas mərhələləri ilə tanış olub və fəxri qonaqlar kitabına ürək sözlərini yazıb.

https://azertag.az/xeber/2002766

Arxiv üzrə axtarış