2022-02-11

Azərbaycanla Tacikistan arasında bədii tərcümə və ədəbi əlaqələr sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub

Azərbaycanın Tacikistandakı səfiri Əlimirzamin Əskərov Tacikistan Yazıçılar Birliyinin sədri Nizom Kosim ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, N.Kosim Tacikistanda Azərbaycan ədəbiyyatına böyük maraq olduğunu vurğulayıb, Tacikistan Yazıçılar Birliyinin nəzdində Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin həyata keçirdiyi son işlər haqqında məlumat verib.

Ə.Əskərov Azərbaycan və Tacikistan xalqlarının oxşar cəhətlərindən danışıb, Tacikistanda ədəbiyyata, mədəniyyətə verilən əhəmiyyəti yüksək qiymətləndirib. Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına əsasən elan olunmuş “Nizami Gəncəvi İli” çərçivəsində ötən il ərzində səfirlik tərəfindən silsilə tədbirlərin keçirildiyini bildirən səfir dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin bəşəriyyətin bədii fikir salnaməsində yeni səhifə açan nadir şəxsiyyətlərdən olduğunu, Şərqin misilsiz mədəni sərvətlər xəzinəsində özünəməxsus yer tutduğunu qeyd edib.

N.Kosim dünya şərqşünaslığının hər zaman diqqət mərkəzində olan mütəfəkkirin böyük bir ədəbi məktəbin bünövrəsini qoyduğunu vurğulayıb, Nizami yaradıcılığının öyrənilməsinin bütün xalqlarla yanaşı, tacik ədəbiyyatşünaslar üçün də əhəmiyyətli olduğunu, əsərlərinin dünyanın əksər mədəni xalqlarının dillərinə tərcümə edildiyini söyləyib.

Görüşdə iki ölkə arasında ədəbi-mədəni əlaqələr, həyata keçirilmiş layihələr və gələcəkdə nəzərdə tutulan fəaliyyət haqqında fikir mübadiləsi aparılıb.

https://azertag.az/xeber/2010485

Arxiv üzrə axtarış