2022-02-02

Tacik nazir Ermənistanın Azərbaycanın mədəni irsinə qarşı təcavüzkar siyasəti barədə məlumatlandırılıb

Azərbaycanın Tacikistandakı səfiri Əlimirzamin Əskərov bu ölkənin mədəniyyət naziri Zülfiyyə Davlatzadə ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycan və Tacikistan arasındakı mövcud əlaqələrdən danışılıb və mədəniyyət sahəsində əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Səfiri səmimi salamlayan nazir ikitərəfli münasibətlərin inkişafından məmnunluğunu ifadə edib, o cümlədən mədəniyyət sahəsində əməkdaşlığın daha da genişləndirilməsi üçün əlverişli imkanların olduğunu diqqətə çatdırıb.

Görüş zamanı səfir Ermənistanın Azərbaycanın ərazi bütövlüyünə və mədəni irsimizə qarşı təcavüzkar siyasətinin ağır nəticələri barədə məlumat verib, Azərbaycana qarşı otuz ilə yaxın davam edən və 2020-ci ildə Vətən müharibəsində tarixi Zəfərlə sona çatan işğalçılıq siyasətinə münasibətdə Tacikistanın tutduğu ədalətli mövqeyin yüksək qiymətləndirildiyini diqqətə çatdırıb.

Görüşdə Azərbaycanla Tacikistan arasında əməkdaşlığın inkişaf etdirilməsi üçün birgə layihələrin reallaşdırılması, iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 illik yubileyi münasibətilə mədəniyyət tədbirlərinin təşkili, həmçinin münasibətlərin gələcək inkişaf perspektivləri müzakirə edilib, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 

https://azertag.az/xeber/1998059

Arxiv üzrə axtarış