2021-12-27

Tacikistanda bəstəkar Əmirbəy Musonun “Xosrov və Şirin” operasının təqdimatı olub

Azərbaycanda elan olunan “Nizami Gəncəvi İli” çərçivəsində Tacikistan Dövlət Akademik Opera və Balet Teatrında bəstəkar Əmirbəy Musonun “Xosrov və Şirin” operasının təqdimatı olub.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın Tacikistandakı səfirliyinin təşəbbüsü ilə teatrla birgə keçirilən tədbirdə Tacikistanın dövlət və hökumət nümayəndələri, ictimaiyyətin təmsilçiləri, ölkədə akkreditə olunmuş diplomatik korpusun rəhbərləri və əməkdaşları, tanınmış mədəniyyət və incəsənət xadimləri, KİV nümayəndələri və soydaşlarımız iştirak ediblər.

Tədbirdə Azərbaycanın Tacikistandakı səfiri Əlimirzamin Əskərov Nizami Gəncəvi yaradıcılığından, onun dünya və Şərq ədəbiyyatının inkişafındakı rolundan söz açıb, dahi şairin əsərlərinin hər zaman dünya şərqşünaslıq elminin diqqət mərkəzində olduğunu qeyd edib.

Rəsmi hissədən sonra “Xosrov və Şirin” operası göstərilib və tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

Tamaşanın sonunda şairin "Xəmsə" adlı kitabı tədbirdə iştirak edən mədəniyyət və incəsənət xadimlərinə paylanıb.

https://azertag.az/xeber/1962614

Arxiv üzrə axtarış