Tacikistanda Nizami Gəncəvinin 880 illiyinə həsr olunan elmi konfrans keçirilib
Düşənbədə dünya ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycanın dahi şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illiyinə həsr olunan elmi konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın Tacikistandakı səfirliyi və bu ölkənin Milli Elmlər Akademiyasının birgə təşəbbüsü ilə keçirilən elmi konfransda Tacikistanın elm, mədəniyyət və incəsənət xadimləri, tanınmış şair və yazıçılar, nizamişünas alimlər, diplomatlar, tələbələr iştirak edib.
Azərbaycanın Tacikistandakı səfiri Əlimirzamin Əskərov Nizami Gəncəvinin həyatı, yaradıcılığı haqqında məlumat verib, Nizami dühasının hər zaman dünya şərqşünaslığının diqqət mərkəzində olduğunu bildirib, Prezident İlham Əliyevin 2021-ci ilin Azərbaycanda “Nizami Gəncəvi İli” elan edilməsi haqqında Sərəncamına uyğun olaraq dünyanın bir sıra ölkəsində olduğu kimi, Tacikistanda da tədbirlərin keçirildiyini, Nizami yaradıcılığının öyrənilməsi və tanıdılması istiqamətində işlərin görüldüyünü qeyd edib.
Akademiyanın vitse-prezidenti Məhəmməd Novruz iki ölkə arasında mədəni və ədəbi əlaqələrin inkişafından danışıb, Nizami Gəncəvinin əsərlərinin Mərkəzi Asiya respublikaları, o cümlədən Tacikistanda məşhur olduğunu deyib, dahi şairin “Xəmsə”sinin hələ keçmiş Sovet İttifaqı dövründə Tacikistanda dəfələrlə çap olunduğunu və Nizami Gəncəvinin tacik xalqının sevimli şairinə çevrildiyini bildirib. Vitse-prezident belə tədbirlərin keçirilməsinin əhəmiyyətindən danışıb, mədəni sahədə əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyinə toxunub.
Tədbirin bədii hissəsində şairin əsərlərindən parçalar səsləndirilib, “Xəmsə”nin 50 ədəd nüsxəsi konfrans iştirakçılarına paylanıb.