Azərbaycanla Tacikistan arasında parlamentlərarası əməkdaşlığın dərinləşdirilməsi məsələləri müzakirə olunub
Azərbaycanın Tacikistandakı səfiri Əlimirzamin Əskərov bu ölkənin Ali Məclisi Nümayəndələr Palatasının sədri Mahmadtoir Zokirzoda ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, səfir Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarovanın salamlarını və xoş arzularını M.Zokirzodaya çatdırıb.
Səfiri təyinatı münasibətilə təbrik edən M.Zokirzoda Milli Məclisin sədrinin salamlarına görə minnətdarlığını bildirib və onun da səmimi salamlarını və yüksək ehtiramını S.Qafarovaya çatdırmağı xahiş edib.
M.Zokirzoda ötən illər ərzində Azərbaycan ilə Tacikistan arasında əlaqələrin inkişaf etdiyini və xüsusilə qanunverici orqanlar arasında intensiv təmasların mövcud olduğunu qeyd edib və ölkələrimiz arasında əlaqələrin daha da inkişaf etdirilməsinə çalışacağını bildirib.
Səfir Azərbaycan ilə Tacikistan arasında mövcud əlaqələrin inkişafında parlament diplomatiyasının əhəmiyyətinə toxunub, iki ölkə arasında münasibətlərin daha da inkişaf etdirilməsi və yeni mərhələyə çatdırılması istiqamətində bundan sonra da hər iki ölkənin qanunverici orqanları tərəfindən səmərəli və praktik əməkdaşlığın davam etdiriləcəyinə ümidvar olduğunu dilə gətirib.
Ə.Əskərov parlamentlərarası münasibətlərdən əlavə ölkəmizdəki sosial-siyasi sabitlik, mövcud iqtisadi inkişaf haqqında məlumat verib, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şanlı Ordumuzun möhtəşəm Qələbəsi ilə başa çatan 44 günlük Vətən müharibəsi barədə danışıb. Səfir 30 ilə yaxın müddət ərzində Ermənistan tərəfindən işğal altında saxlanılan Azərbaycan ərazilərində infrastrukturun dağıdıldığını, milli-mədəni dəyərlərin məhv edildiyini, şəhər və kəndlərin yerlə-yeksan olunduğunu diqqətə çatdırıb. Hazırda Azərbaycanın işğaldan azad olunmuş ərazilərində bərpa və yenidənqurma işlərinin böyük sürətlə aparıldığını vurğulayan səfir bu baxımdan tacik şirkətlərini bu işdə yaxından iştiraka dəvət edib.
Görüşdə ölkələrimiz arasında əlaqələrin bütün sahələrdə inkişafının vacibliyi qeyd olunub, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.