Azərbaycanın Tacikistandakı səfiri etimadnaməsini bu ölkənin Prezidentinə təqdim edib
Azərbaycanın Tacikistandakı səfiri Əlimirzamin Əskərov etimadnaməsini bu ölkənin Prezidenti Emomali Rahmona təqdim edib.
AZƏRTAC xəbər verir ki, görüşdə Əlimirzamin Əskərov Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını və ən xoş arzularını Tacikistan Prezidenti Emomali Rahmona çatdırıb.
Səfiri təyinatı münasibətilə təbrik edən Emomali Rahmon Azərbaycan Prezidentinin salamlarına görə minnətdarlığını bildirib və onun da səmimi salamlarını, böyük ehtiramını dövlətimizin başçısına çatdırmağı xahiş edib.
Prezident Emoməli Rahmon ölkələrimiz arasında qarşılıqlı anlaşma, hörmət və etimad prinsiplərinə əsaslanan dostluq, qardaşlıq münasibətlərinin uğurla inkişaf etdiyini bildirib, Tacikistanın iki ölkə arasında dostluq əlaqələrinin, konstruktiv əməkdaşlığın dərinləşməsində və genişlənməsində maraqlı olduğunu söyləyib.
Görüşdə bütün sahələrdə, xüsusilə ticarət-iqtisadi sahədə əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyi vurğulanıb.
Görüşdən sonra yerli media nümayəndələrinə müsahibə verən Ə.Əskərov Tacikistana səfir təyin olunmasından və rəsmi fəaliyyətə başlamasından şərəf duyduğunu bildirərək iki dost ölkə arasındakı münasibətlərin yüksək səviyyədə olduğunu qeyd edib. Gələn il Azərbaycan ilə Tacikistan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd olunacağını deyən səfir müasir dövrdə ikitərəfli dostluğun əsasının ümummilli lider Heydər Əliyev və Prezident Emoməli Rahmon tərəfindən qoyulduğunu bildirib, Azərbaycan və Tacikistan arasındakı münasibətlərin cari vəziyyətinin yüksək olmasında hər iki ölkə Prezidentinin rolunu xüsusi qeyd edib.