2021-11-02

Azərbaycanın və Tacikistanın dövlət kitabxanaları arasında əməkdaşlıq məsələləri müzakirə edilib

Azərbaycanın Tacikistandakı səfiri Əlimirzamin Əskərov ilə bu ölkənin Milli Kitabxanasının direktoru Cumaxon Fayzalizadə arasında görüş keçirilib.

AZƏRTAC xəbər verir ki, səfir görüşdə Azərbaycan ilə Tacikistan arasında münasibətlərin möhkəm əsaslar və qarşılıqlı dostluq üzərində qurulduğundan danışıb, milli kitabxanalar arasında əlaqələrin genişləndirilməsinin zəruriliyini bildirib.

C.Fayzalizadə Tacikistan Milli Kitabxanasının ölkənin əsas mədəni mərkəzlərindən biri olduğunu və Orta Asiya üzrə ən böyük kitabxana seçildiyini deyib. O, kitabxanada dahi Azərbaycan şairləri Nizami Gəncəvinin, Məhəmməd Füzulinin və digər şairlərin əsərlərinin əlyazmalarının saxlanıldığını qeyd edib, ümumilikdə kitabxanada dünyanın 28 dilində 6 milyondan çox kitabın mövcud olduğunu vurğulayıb.

Görüşdə ölkələrimizin milli kitabxanaları arasında əlaqələrin inkişafı, bu sahədə təcrübə mübadiləsinin aparılması, əlyazmaların birgə tədqiqi məsələləri müzakirə olunub.

Sonra Tacikistan Milli Kitabxanasında saxlanılan qədim əlyazmaların, 13-cü əsrə aid kitabların təqdimatı və Azərbaycan guşəsi ilə tanışlıq baş tutub.

Sonra səfir Nizami Gəncəvinin "Xəmsə"sini Tacikistan Milli Kitabxanasına hədiyyə edib.

 

Arxiv üzrə axtarış