2021-10-20

Azərbaycan-Tacikistan münasibətlərinin inkişafı məsələləri müzakirə olunub

Azərbaycanın Tacikistandakı səfiri Əlimirzamin Əskərov ilə bu ölkənin Xarici İşlər Nazirliyinin MDB ölkələri idarəsinin rəisi Axmad Saidmurodov arasında görüş keçirilib.

AZƏRTAC xəbər verir ki, görüş zamanı idarə rəisi yeni təyinatı ilə bağlı səfiri təbrik edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

A.Saidmurodov Azərbaycan və Tacikistan arasında mövcud olan yüksək səviyyəli əməkdaşlığın gələcəkdə daha da inkişaf etdirilməsi perspektivlərindən danışıb və yeni səfirin fəaliyyəti dövründə bu istiqamətdə uğurlu nəticələrin əldə olunacağına əminliyini bildirib.

Səfir ikitərəfli münasibətlərin genişləndirilməsi üçün səylərini əsirgəməyəcəyini və bütün sahələr üzrə əməkdaşlığın inkişafı istiqamətində müvafiq addımların atılacağını qeyd edib.

Görüşdə, həmçinin ölkələr arasında ticari-iqtisadi münasibətlərin hazırkı səviyyəsi və inkişaf etdirilməsi yolları, qarşılıqlı səfərlərin sayının artırılması kimi məsələlər müzakirə edilib, eləcə də müxtəlif sahələrdə ikitərəfli münasibətlərin cari vəziyyəti və perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

https://azertag.az/xeber/Azerbaycan_Tacikistan_munasibetlerinin_inkisafi_meseleleri_muzakire_olunub-1903672

Arxiv üzrə axtarış