2021-10-18

Tacikistan portalı Azərbaycanın müstəqilliyinin bərpasının 30 illiyi ilə bağlı məqalə yayıb

Tacikistanın “faraj.tj” portalında Azərbaycanın müstəqilliyinin bərpası haqqında məqalə yayımlanıb.

AZƏRTAC xəbər verir ki, yazıda Azərbaycan xalqının XX əsrdə iki dəfə müstəqillik əldə etdiyi bildirilir. Qeyd olunub ki, əsrin əvvəllərində - 1918-ci ildə Şərqdə ilk demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyəti yaranıb. Təəssüf ki, bu dövlət cəmi 23 ay yaşaya bilib. Əsrin sonunda, 70 ildən sonra Azərbaycan yenidən öz müstəqilliyini qazanıb.

Məqalədə vurğulanır ki, 1991-ci il avqustun 3-də isə Azərbaycan Ali Sovetinin sessiyasında dövlət müstəqilliyini bərpa etmək haqqında Bəyannamə qəbul olunub. Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il oktyabrın 18-də keçirilən tarixi sessiyasında Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı yekdilliklə qəbul edilib. Həmin il dekabrın 29-da ümumxalq səsverməsi keçirilib və Azərbaycan xalqı dövlət müstəqilliyinin lehinə səs verib.

Həmçinin məqalədə qeyd edilib ki, 1993-cü ildə böyük siyasi xadim Heydər Əliyevin Azərbaycan Prezidenti seçilməsi ilə dövlətçiliyin yeni mərhələsi başlayıb. Ulu öndər Heydər Əliyevin başlatdığı siyasi kursu bu gün Azərbaycan Prezidenti İlham Əliyev uğurla davam etdirir.

Yazıda ötən il sentyabrın 27-də Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə başlayan 44 günlük Vətən müharibəsində Ordumuzun 30 ilə yaxın Ermənistanın işğalı altında qalan əraziləri azad etməsi haqqında da məlumat verilir..

https://azertag.az/xeber/1902659

Arxiv üzrə axtarış