2021-09-30

Azərbaycan ilə Tacikistan arasında bütün sahələrdə əməkdaşlıq əlaqələrinin inkişafı müzakirə olunub

Azərbaycanın Tacikistandakı səfiri Əlimirzamin Əskərov ilə ölkənin xarici işlər nazirinin müavini Sodik İmomi arasında görüş keçirilib.

AZƏRTAC xəbər verir ki, S.İmomi səfiri səmimi salamlayıb, ona yeni işində uğurlar arzulayıb və diplomatik fəaliyyəti dövründə Azərbaycanla Tacikistan arasında ikitərəfli münasibətlərin uğurla inkişaf edəcəyinə ümidvar olduğunu bildirib.

Ə.Əskərov S.İmomini Tacikistan xarici işlər nazirinin müavini vəzifəsinə təyin olunması münasibətilə təbrik edib və gələcəkdə Tacikistanın və Azərbaycanın xarici işlər nazirlikləri arasında daha sıx əməkdaşlıq yaranacağına inandığını söyləyib. Səfir Tacikistanda gördüyü qonaqpərvərlik və xoş münasibətin xalqlarımız arasında yaxınlığın və səmimiyyətin göstəricisi olduğunu bildirib.

Nazir müavini COVID-19 pandemiyası ilə əlaqədar Azərbaycan tərəfindən Tacikistana ayrılan humanitar yardım və Azərbaycan ərazisindən Tacikistan mallarının dünya bazarlarına çıxarılması üçün yaradılmış şəraitə görə Azərbaycan hökumətinə təşəkkür edib.

Səfir iki ölkə arasında müxtəlif sahələrdə mövcud olan əməkdaşlığın dərinləşməsinin əhəmiyyətini vurğulayıb, bu əlaqələrin müxtəlif platformalarda daha da genişləndirilməsinin qarşıya qoyulan məqsədlərə çatmaqda əhəmiyyətli rol oynaya biləcəyini bildirib.

Səmimi qəbula görə minnətdarlıq edən diplomat, iki ölkə arasında əlaqələrin möhkəmləndirilməsi üçün səylərini əsirgəməyəcəyini deyib.

Görüşdə, həmçinin ticari-iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Tacikistan Hökumətlərarası Əməkdaşlıq Komissiyasının növbəti iclasına hazırlıq işləri, müxtəlif sahələrdə və beynəlxalq təşkilatlar çərçivəsində ikitərəfli münasibətlərin indiki vəziyyəti və perspektivlərinə dair fikir mübadiləsi də aparılıb.

https://azertag.az/xeber/Azerbaycan_ile_Tacikistan_arasinda_butun_sahelerde_emekdasliq_elaqelerinin_inkisafi_muzakire_olunub-1890281

 

Arxiv üzrə axtarış