Azərbaycanla Tacikistan arasında iqtisadi-ticari əlaqələrin dərinləşdirilməsi məsələləri müzakirə edilib
Azərbaycanın Tacikistandakı səfiri Əlimirzamin Əskərov bu ölkənin iqtisadi inkişaf və ticarət naziri, Azərbaycan-Tacikistan Hökumətlərarası Birgə Əməkdaşlıq Komissiyanın həmsədri Zavki Zavkizoda ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə Z.Zavkizoda Tacikistan Respublikasına səfir təyin olunması münasibətilə Ə.Əskərovu təbrik edib, ona diplomatik fəaliyyətində uğurlar arzulayıb.
Səfir iki ölkə arasında siyasi və iqtisadi əlaqələrin inkişaf etdiyini qeyd edərək, Azərbaycanda aparılan iqtisadi islahatlar və qeyri-neft sektorunun inkişafı barədə məlumat verib, Tacikistan şirkətlərini Azərbaycana investisiya qoymağa dəvət edib.
Ə.Əskərov Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun Vətən müharibəsindəki Qələbəsi barədə danışıb, işğaldan azad olunan ərazilərin bərpası və inkişafı ilə bağlı konsepsiyanın hazırlandığını, orada dövlət-özəl tərəfdaşlığından geniş istifadə olunmasının, həmçinin xarici investorlar üçün xüsusi təşviq proqramlarının, ərazilərin inkişafı məqsədilə xarici şirkətlərin cəlb edilməsinin nəzərdə tutulduğunu bildirib.
Z.Zavkizoda Tacikistan və Azərbaycanın biznes dairələrinin əməkdaşlıq münasibətlərinin inkişafında maraqlı olduğunu qeyd edib, iki ölkə arasında iqtisadi əlaqələrin genişləndirilməsi istiqamətində səy göstərəcəyini bildirib.
Görüşdə, həmçinin Azərbaycan ilə Tacikistan arasında mövcud iqtisadi əlaqələr və bu əməkdaşlığın genişləndirilməsi perspektivləri, o cümlədən turizm sahəsinin inkişafı məsələləri müzakirə olunub.