Tacikistanda Anım Günü ilə əlaqədar mərasim keçirilib
Azərbaycanın Tacikistandakı səfirliyində Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, mərasimdə Türkiyənin Tacikistandakı səfiri Emre Zeki Karagöl, Tacikistanda yaşayan soydaşlarımız və azərbaycanlı iş adamları iştirak ediblər.
Əvvəlcə Azərbaycanın Tacikistandakı səfiri Əlimirzamin Əskərov və səfirliyin əməkdaşları ümummilli lider Heydər Əliyevin səfirliyin ərazisindəki abidəsinin önünə gül dəstəsi qoyaraq Ulu Öndərin xatirəsini yad ediblər.
Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla anıldıqdan sonra səfir Əlimirzamin Əskərov 44 günlük Vətən müharibəsi haqqında ətraflı məlumat verib, bir il bundan öncə bu gün Azərbaycan Silahlı Qüvvələrinin Ermənistanın növbəti hərbi təxribatının qarşısını almaq üçün cavab tədbirlərinə başladığını qeyd edib və bu tədbirlərin Ermənistanın hərbi təcavüzünün qarşısını almaq və mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə özünü müdafiə hüququ çərçivəsində və beynəlxalq humanitar hüquqa tam riayət olunmaqla həyata keçirildiyini bildirib.
Vətən müharibəsinin nəticəsi olaraq Ermənistanın 30 ilə yaxın davam edən təcavüz siyasətinə son qoyulduğunu, Azərbaycanın ərazi bütövlüyünün təmin edildiyini, bir milyona yaxın azərbaycanlının fundamental hüquqlarının bərpa olunduğunu bildirən səfir Azərbaycanın təkbaşına BMT Təhlükəsizlik Şurasının 1993-cü il tarixli müvafiq qətnamələrinin icrasını təmin etdiyini vurğulayıb.
Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında ordumuzun şücaəti nəticəsində əldə etdiyimiz Qələbənin ölkəmizin tarixində yeni dövr açdığını, bölgədəki reallıqları dəyişdiyini və beynəlxalq ədalətin bərqərar olunduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Sonra Emre Zeki Karagöl Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsini ehtiramla yad edib, ölkəsinin hər zaman Azərbaycanın haqq işində yanında olduğunu və dəstəklədiyini vurğulayıb.
Rəsmi hissədən sonra iştirakçılar Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin xatirəsinə açılmış ehsan süfrəsinə dəvət olunub.
Tədbir ilə bağlı səfirliyin binası önündə Vətən müharibəsində şəhid olanların xatirəsinin yad olunması üçün guşə yaradılıb, tədbirin keçirildiyi ərazidə fotosərgi təşkil olunub və bukletlər paylanılıb.
https://azertag.az/xeber/Tacikistanda_Anim_Gunu_ile_elaqedar_merasim_kechirilib-1887113