2021-08-27

Azərbaycanın Tacikistana yeni təyin olunmuş səfiri etimadnaməsinin surətini bu ölkənin xarici İşlər nazirinə təqdim edib

Azərbaycanın Tacikistana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Əlimirzamin Əskərov etimadnaməsinin surətini bu ölkənın xarici işlər naziri Sirociddin Muhriddinə təqdim edib.

Görüş zamanı Sirociddin Muhriddin yeni təyinatı ilə bağlı səfiri təbrik edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Nazir Azərbaycan və Tacikistan arasında mövcud olan yüksək səviyyəli əməkdaşlıqdan danışaraq bu münasibətlərin gələcəkdə daha da inkişaf etdirilməsi perspektivlərini vurğulayıb və yeni səfirin fəaliyyəti dövründə bu istiqamətdə uğurlu nəticələrin əldə olunacağına əminliyini ifadə edib.

Əlimirzamin Əskərov ikitərəfli münasibətlərin genişləndirilməsi üçün səylərini əsirgəməyəcəyini və bütün sahələr üzrə əməkdaşlığın inkişafı istiqamətində müvafiq addımların atılacağını qeyd edib.

Tərəflər görüş zamanı Azərbaycan və Tacikistan arasında iqtisadi, siyasi və digər sahələrdə əlaqələrin daha da inkişaf etdirilməsinə dair geniş fikir mübadiləsi aparıblar.

 

Arxiv üzrə axtarış