Tacikistan portalında azərbaycanlıların soyqırımına dair məqalə dərc olunub
Tacikistanın “faraj.tj” portalında 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı məqalə dərc olunub.
AZƏRTAC xəbər verir ki, məqalədə ulu öndər Heydər Əliyev 1998-ci il martın 26-da martın 31-nin Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunması ilə bağlı Fərman imzaladığı vurğulanıb və o vaxtdan hər il bu tarixin Azərbaycanda və ölkə xaricində anım tədbirləri keçirildiyi bildirilib.
Qeyd olunub ki, 1813-cü və 1828-ci illərdə Gülüstan və Türkmənçay müqavilələrinin imzalanmasından sonra İran və Türkiyədən ermənilərin kütləvi surətdə Azərbaycan ərazilərinə köçürülməsinə başlanıb.
Erməni şovinistləri müxtəlif vaxtlarda “böyük Ermənistan” ideyasının həyata keçirilməsi üçün Azərbaycan xalqına qarşı etnik təmizləmə, deportasiya və soyqırımı siyasəti həyata keçiriblər.
Yazıda, həmçinin diqqətə çatdırılıb ki, ermənilər 1918-ci ilin martında azərbaycanlıların kütləvi qətliamını həyata keçiriblər. Erməni qoşunları martın 31-i, həmçinin aprelin 1-2-də Bakı, Şamaxı, Quba, Kürdəmir, Salyan, Qarabağ, Zəngəzur, Naxçıvan, İrəvan, Şirvan, Lənkəran və digər bölgələrdə qanlı qırğınlar törədiblər. Bu soyqırımı zamanı tarixi bina və ziyarətgahlar top atəşinə tutulub, paytaxtdakı Cümə və Təzəpir məscidlərinin minarələri ciddi zədələnib.
Martın 30-dan 31-nə keçən gecə təkcə Bakıda uşaqlar, qadınlar və qocalar da daxil olmaqla, 11 min dinc sakin qəddarlıqla qətlə yetirilib. Martın 31-də erməni daşnakları Şamaxıda 16 min insan öldürüb, Zəngəzur, Naxçıvan, Lənkəran, Muğan və Dağlıq Qarabağda yüzlərlə kənd yandırıblar.