2021-02-25

Tacikistan portalında Xocalı faciəsi ilə bağlı məqalə dərc olunub

Tacikistanın “faraj.tj” portalında Xocalı faciəsi haqqında tacik dilində “Sağalmayan yaralar” adlı məqalə dərc olunub.

AZƏRTAC xəbər verir ki, məqalədə 1988-ci ildə Azərbaycanın əzəli torpaqları olan Dağlıq Qarabağda Ermənistanın başlatdığı münaqişə haqqında danışılır, XX əsrin qanlı faciələrindən olan Xocalı soyqırımı barədə məlumat verilir. Qeyd edilir ki, faciənin törədilməsində Xankəndində məskunlaşan keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının xüsusi rolu olub.

Məqalədə Xocalı faciəsində öldürülən, yaralanan, itkin düşən soydaşlarımız barədə məlumat verilir, bildirilir ki, hələ də 150 insanın, o cümlədən 68 qadın və 26 uşağın taleyi haqqında heç bir məlumat yoxdur.

Materialda Xocalı faciəsini tanıyan dövlətlərin adı çəkilir, 44 günlük Vətən müharibəsində Azərbaycanın qazandığı Qələbə barədə məlumat verilir. Bildirilir ki, Azərbaycan Ordusunun apardığı əks-hücum əməliyyatı nəticəsindən 30 ilə yaxın müddətdə işğal altında saxlanılan Azərbaycan torpaqları azad edilib. Beləliklə, Azərbaycan ərazi bütövlüyünü bərpa edib.

 https://azertag.az/xeber/1720817

Arxiv üzrə axtarış