Azərbaycanla Tacikistan arasında əməkdaşlığın dərinləşdirilməsi məsələləri müzakirə olunub
Azərbaycanın Tacikistandakı səfiri Həsən Məmmədzadə bu ölkənin Ali Məclisinin Nümayəndələr Palatasının (NP) sədri Məhməttair Zakirzadə ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə M.Zakirzadə Azərbaycanın Tacikistan üçün dost ölkə olduğunu, ölkələrimiz arasında münasibətlərin dinamik inkişaf etdiyini bildirib.
Diplomat M.Zakirzadəni Tacikistan Ali Məclisinin Nümayəndələr Palatasının sədri vəzifəsinə seçilməsi münasibətilə təbrik edib, Nümayəndələr Palatası ilə səfirlik arasında daha sıx əməkdaşlığın qurulacağına əminliyini bildirib.
Əlaqələrimizin inkişafında hər iki ölkənin parlamentlərinin müsbət rolundan danışan M.Zakirzadə Nümayəndələr Palatasında Tacikistan-Azərbaycan parlamentlərarası dostluq qrupunun fəaliyyət göstərdiyini qeyd edib, təcrübə və informasiya mübadiləsi baxımından deputatların mütəmadi görüşlərinin vacibliyini vurğulayıb, postpandemiya dövründə qarşılıqlı səfərlərin təşkilinin əhəmiyyətindən danışıb. Spiker dünyada hökm sürən COVID-19 pandemiyası ilə əlaqədar Azərbaycan tərəfindən Tacikistana göstərilən humanitar yardıma, bu ölkə vətəndaşlarının Azərbaycan universitetlərində təhsil almaları üçün ayrılmış kvotaya, Tacikistan mallarının ölkəmizin ərazisindən istifadə etməklə dünya bazarlarına çıxarılmasına yaradılan şərait və imtiyazlara görə Azərbaycan Hökumətinə təşəkkürünü bildirib.
H.Məmmədzadə hər iki ölkənin qanunvericilik orqanları arasında əməkdaşlığın əhəmiyyətindən söhbət açıb, bu əlaqələrin müxtəlif platformalarda daha da genişləndirilməsi istiqamətində qarşıya qoyulan məqsədə çatmaqda əhəmiyyətli rol oynaya biləcəyini bildirib.
Səmimi qəbula görə minnətdarlığını bildirən səfir ölkələrimiz arasında əlaqələrin möhkəmləndirilməsi üçün səylərini əsirgəməyəcəyini qeyd edib.
Görüşdə ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı əməkdaşlığın genişləndirilməsi, ölkələrimizin parlamentlərarası dostluq qrupları arasında mütəmadi görüşlərin təşkili, elm, təhsil, mədəniyyət, humanitar sahələrdə əməkdaşlığın dərinləşməsi və tərəfləri maraqlandıran digər məsələlər ətrafında fikir mübadiləsi də aparılıb.