Tacikistan portalında “Qarabağ sindromu-mənbələr və nəticələr” adlı məqalə verilib
Düşənbə, 3 sentyabr, АZƏRTAC
Tacikistanın avesta.tj portalında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin yaranması ilə bağlı tanınmış özbək tarixçisi Şuxrat Barlasın rus dilində “Qarabağ sindromu-mənbələr və nəticələr” adlı məqaləsinin ikinci hissəsi verilib.
AZƏRTAC xəbər verir ki, materialın bu hissəsində Dağlıq Qarabağ münaqişəsinin başlanması və alovlanması, Xankəndində və İrəvanda mitinqlər keçirilməsi, keçmiş SSRİ-nin rəhbəri Mixail Qorbaçovun faktiki olaraq ermənilərə dəstəyi ətraflı şərh olunur.
Məqalədə azərbaycanlıların Ermənistan ərazisindən, dədə-baba torpaqlarından qovulması, 20 Yanvar faciəsi, Dağlıq Qarabağın ətrafında olan yeddi rayonun Ermənistan tərəfdən işğalı haqqında da ətraflı məlumat verilir.
Xatırladaq ki, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin dəstəyi ilə alimin “Türküstan və Cənubi Qafqaz XIX-XX əsrlər. Daşnaklar Fərqanədən Qarabağa qədər”, “Qarabağ: ideyalar müharibəsi” və “İdeyalar müharibəsi. Türküstan və Cənubi Qafqaz XIX-XX əsrlər” adlı kitabları rus və özbək dillərində işıq üzü görüb.
“Türküstan və Cənubi Qafqaz XIX-XX əsrlər. Daşnaklar Fərqanədən Qarabağa qədər” kitabı əsasında “Daşnaklar Fərqanədən Qarabağadək” adlı sənədli film çəkilib.