Tacikistan mətbuatı Ermənistanın son təxribatları ilə bağlı məlumatlandırılıb
Düşənbə, 29 iyul, АZƏRTAC
İyulun 12-dən etibarən Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində atəşkəs rejiminin kobud şəkildə pozulması və xarici ölkələrdə həmvətənlərimiz tərəfindən keçirilən dinc yürüşlərə qarşı ermənilər tərəfindən vandalizm aktlarının həyata keçirilməsi ilə bağlı Tacikistanda fəaliyyət göstərən kütləvi informasiya vasitələrini məlumatlandırmaq üçün Azərbaycanın bu ölkədəki səfirliyində mətbuat konfransı keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə 10-dan artıq qəzet, informasiya agentlikləri və televiziya jurnalistləri iştirak edib.
Konfransda ölkəmizin Tacikistandakı səfiri Həsən Məmmədzadə Ermənistan hərbi qüvvələrinin Azərbaycanın dövlət sərhədinin Tovuz rayonu istiqamətində silahlı qüvvələrimizin mövqelərinə hücum edərək növbəti hərbi təxribat törətmələri barədə danışıb, erməni silahlı qüvvələrinin hücumu nəticəsində 12 hərbçimizin, o cümlədən yüksək çinli zabitlərimizin həlak olduğunu, mülki əhali və mülki obyektlərin atəşə tutulduğunu, beləliklə də beynəlxalq humanitar hüquq və insan hüquqları ilə bağlı beynəlxalq təşkilatların qərar və konvensiyalarının kobud şəkildə pozulduğunu bildirib.
Ermənistanın bu hücumu törətməkdə məqsədinin həmin ərazidən keçən “Şərq-Qərb” dəhlizi və Azərbaycanın neft-qaz kəmərlərinə təhlükə yaratmaq olduğunu bildirən səfir Azərbaycanın sərhəd zonasında hərbi məqsədlərinin olmadığını, ölkəmizin münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq həllinə çalışdığını qeyd edib.
Daha sonra KİV nümayəndələrinə son həftə ərzində Avropanın bir sıra paytaxtlarında, eləcə də ABŞ-da radikal erməni qüvvələri tərəfindən dinc azərbaycanlı nümayişçilərə, habelə Azərbaycanın diplomatik nümayəndəliklərinə və dövlət rəmzlərinə qarşı vandalizm aktlarının və nifrətə əsaslanan cinayət əməllərinin törədilməsi ilə bağlı foto və videofaktlar nümayiş etdirilib.