Tacikistanin portalı Milli Qurtuluş Günü ilə bağlı məqalə yayıb
Tacikistanin avesta.tj portalı 15 İyun – Milli Qurtuluş Günü ilə bağlı rus dilində məqalə yayıb.
AZƏRTAC xəbər verir ki, materialda Milli Qurtuluş Gününün yaranması və əhəmiyyəti haqqında məlumatlar oxucuların diqqətinə çatdırılır.
Qeyd edilir ki, 1993-cü il iyunun 15-də xalqın təkidli tələbi ilə Heydər Əliyev Azərbaycan Ali Sovetinin sədri, həmin il oktyabr ayının 3-də isə ölkə Prezidenti seçilib. Beləliklə, 15 iyun müstəqillik tariximizə Milli Qurtuluş Günü kimi daxil olub.
Vurğulanır ki, Ümummilli Liderin qətiyyəti xalqa ruh yüksəkliyi gətirib, onun inamını özünə qaytarıb, ölkədə sabitlik və əmin-amanlıq yaradıb. Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə milli-mənəvi dəyərlər bərpa edilib. Ulu Öndərin qətiyyəti, apardığı uğurlu daxili və xarici siyasət sayəsində ölkə xaosdan xilas olub, demokratik inkişaf yolu ilə inamla irəliləyərək, böyük nailiyyətlər qazanıb. Heydər Əliyev öz gücünə, təcrübəsinə güvənən dahi siyasətçi kimi söylədiyi “Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir” kəlamına sadiq qaldığını sübut edib.
Yazıda bildirilir ki, həmin tarix xalqın yaddaşına əbədi həkk olunub və 1997-ci ildə Azərbaycan Respublikası Milli Məclisi 15 iyunu milli bayram elan edib.
https://azertag.az/xeber/Tacikistanin_portali_Milli_Qurtulus_Gunu_ile_bagli_meqale_yayib-1513707