2020-04-23

Tacikistanda “Azərbaycan xalqının mədəni irsi” adlı məqalə çap olunub

Düşənbə, 23 aprel, АZƏRTAC 

Tacikistanın avesta.tj portalında rus dilində “Azərbaycan xalqının mədəni irsi” adlı məqalə çap olunub.

Aprelin 18-i hər il dünyada Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü kimi qeyd olunur. Vurğulanır ki, bu əlamətdar gün Tarixi Yerlər və Abidələrin Mühafizəsi Şurasının (İCOMOS) təklifi ilə UNESCO tərəfindən1983-cü ildə təsis olunub. Bunun məqsədi isə insanların diqqətini abidələrin və tarixi yerlərin qorunmasına cəlb etməkdir.

Yazıda bildirilir ki, aprelin 18-i Azərbaycanda hər il qeyd olunur, həmin gün qoruq yerləri və muzeylər öz qapılarını tamaşaçıların üzünə pulsuz açır.

AZƏRTAC xəbər verir ki, məqalədə Qobustan Milli Tarix-Bədii Qoruğu, İstisu, Qız qalası, Əlincə qalası, Möminə Xatun mavzoleyi, Gələrsən Görərsən qalası, Şah Abbas məscidi, Şirvanşahlar sarayı, Təzəpir məscidi, Şəki Xan Sarayı, İçərişəhər və digər abidələr haqqında məlumat verilir, bu abidələrin bir çoxunun UNESCO-nun Dünya İrsi Siyahısına daxil edildiyi vurğulanır.

Yazıda bildirilir ki, Azərbaycan heykəltəraşları Tacikistanın elm, mədəniyyət və ədəbiyyat xadimlərinin abidələrinin yaradılması sahəsində mühüm işlər görüb. Belə ki, Azərbaycanın Xalq rəssamı Fuad Əbdürrəhmanov fars-tacik ədəbiyyatının görkəmli nümayəndəsi Abdulla Rudakinin heykəlini yaradıb və 1964-cü ildə Düşənbədə açılışı olub. Azərbaycanın Xalq rəssamı Ömər Eldarov böyük mütəfəkkir İbn Sinanın anadan olmasının 1000 illiyi münasibətilə onun abidəsini hazırlayıb və1980-ci ildə Düşənbədə ucaldılıb. 1978-ci ildə isə Ömər Eldarov böyük tacik yazıçısı Sədrəddin Ayninin abidəsini yaradıb və həmin il Düşənbədə açılışı olub.

 15876387273960014660_1000x669

15876387271572064027_1000x669

Arxiv üzrə axtarış