2020-03-30

Tacikistan portalında 31 mart - Azərbaycanlıların Soyqırımı Günü barədə məqalə yayılıb

Düşənbə, 30 mart, AZƏRTAC 

Tacikistanın avesta.tj portalında 31 mart - Azərbaycanlıların Soyqırımı Günü barədə məqalə yayılıb.

AZƏRTAC xəbər verir ki, məqalədə zaman-zaman azərbaycanlıların soyqırımına məruz qalmaları ilə bağlı ətraflı məlumat əksini tapıb.

Bildirilir ki, 1813-cü və 1828-ci illərdə imzalanmış Gülüstan və Türkmənçay müqavilələri Azərbaycanın tarixi torpaqlarının parçalanmasının əsasını qoyub. Qısa vaxtda bu siyasət reallığa çevrilib və ermənilərin Azərbaycan torpaqlarına köçürülməsinə başlanılıb.

Yazıda deyilir ki, ХХ əsrdə azərbaycanlıların kütləvi qırğını 1905-1907-ci illərdə Bakı, Naxçıvan, Zəngəzur, İrəvan və digər tarixi Azərbaycan torpaqlarında həyata keçirilib. 1917-ci ilin dekabrından 1918-ci ilin mart ayına qədər daşnak Andranikin rəhbərliyi ilə erməni silahlı qüvvələri 197 Azərbaycan kəndini dağıdıb, əhalinin bir hissəsi öldürülüb, digər hissəsi evlərindən qovulub.

Vurğulanır ki, 1918-ci il martın 30-dan aprelin 3-dək Bakı, Qarabağ, Naxçıvan, Zəngəzur, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Salyan və digər yerlərdə azərbaycanlılar əsl soyqırımına məruz qalıb, on minlərlə azərbaycanlı qətlə yetirilib, tarixi abidələr, məscid və qəbiristanlıqlar dağıdılıb.

https://azertag.az/xeber/1450461

Arxiv üzrə axtarış