Tacikistanın “Faraj” qəzeti Xocalı faciəsindən yazır
Düşənbə, 24 fevral, АZƏRTAC
Tacikistanın “Faraj” qəzetində Xocalı faciəsi haqqında tacik dilində məqalə dərc edilib.
AZƏRTAC xəbər verir ki, məqalədə Xocalı faciəsinin Azərbaycan xalqına qarşı törədilmiş soyqırımı aktı olduğu bildirilib. Qeyd olunub ki, 28 il əvvəl Azərbaycan xalqına qarşı törədilən bu qətliam insanların qəlbində iz qoyub. Uzun illər keçsə də, yeni nəsil yetişsə də bu ağrı-acı səngimək bilmir. Azərbaycanlılar getdikləri hər bir ölkədə Xocalı həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq istəyirlər.
Sonra məqalədə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi haqqında ətraflı danışılır, Xocalı faciəsində vəhşicəsinə öldürülən, yaralanan, itkin düşən insanlardan söz açılır.
Məqalədə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq təbliğat və məlumatlandırma kampaniyasından danışılır, Xocalı soyqırımını tanıyan ölkələr haqqında məlumat verilir.