Düşənbədə “Azərbaycana səyahət” adlı intellektual oyun keçirilib.
Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illik yubileyi ilə bağlı Azərbaycan Respublikasının Tacikistan Respublikasındakı Səfirliyi tərəfindən Düşənbə şəhərində universitet tələbələri arasında "Экскурсия по Азербайджану" adlı intelektual oyunu təşkil edilmişdir. Tədbirdə yerli ali təhsil ocaqlarının komandaları ilə yanaşı ictimai fəallığı ilə seçilən gənclər, diaspora nümayəndələri, səfirliyin əməkdaşları iştirak etmişlər.
Tədbirin açılış mərasimində çıxış edən səfir Həsən Məmmədzadə Azərbaycan diplomatiyasının yaranma tarixindən, Azərbaycan nümayəndə heyətinin Paris Sülh Konfransında iştirakı, İstiqlal Bəyannaməsini qəbul etmiş Milli Şura üzvləri, Azərbaycan Xalq Cumhuriyyətinin qısa bir müddətdə xarici siyasətdə əldə etdiyi uğurları barədə iştirakçılara ətraflı məlumat vermişdir. 1991-ci ildə yenidən müstəqilliyi qazanmış Azərbaycan, Ulu Öndər Heydər Əliyev tərəfindən istiqamətləndirilmiş uğurlu xarici siyasətin bu gün də Prezident İlham Əliyev tərəfindən davam etdirildiyi diqqətə çatdırılmışdır.
Daha sonra iştirakçılar yeddi komandaya bölünərək (komandalar özlərinə simvolik olaraq Azərbaycanla bağlı adlar seçmişlər) oyuna başlamışlar. Qeyd etdiyimiz kimi, “Quiz” iştirakçıları Tacikistanın öndə gedən təhsil müəssisələrinin əlaçı tələbələrindən, ölkənin ictimayi həyatında öz fəallıqları ilə fərqlənən gənclərdən ibarət olmuşdur. Oyun əsas bir neçə mərhələlərə bölünmüş və suallar Azərbaycanın dahi şəxsiyyətləri, Azərbaycan Xalq Cumhuriyyəti, Azərbaycan diplomatiyası və xarici siyasət, tarix, elm və mədəniyyət, ölkəmizin dünya səviyyəsində keçirilən mühüm tədbirlərdə iştirakı və ev sahibliyi barədə qurulmuşdur. Maraqlı və aktiv şəraitdə keçən oyun zamanı gənclər ölkəmizin tarixi və mədəniyyəti barədə verilən suallara cavabda hazırlıqlı olduqlarını nümayiş etdirmiş, qalib komandalar müəyyən olunmuş və mükafatlandırılmışlar.
https://azertag.az/xeber/Dusenbede_Azerbaycana_seyahet_adli_intellektual_oyun_kechirilib-1244360