20 Yanvar faciəsinin 29-cu ildönümü Düşənbədə də qeyd olunub.
Azərbaycanın Tacikistandakı səfirliyində “20 Yanvar Azərbaycan xalqının qəhrəmanlıq salnaməsidir” mövzusunda anım tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Tacikistanın qəzet, jurnal və saytlarının redaktor və müxbirləri, tanınmış jurnalistlər və köşə yazarları iştirak ediblər.
Əvvəlcə 20 Yanvar qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad edilib.
Ölkəmizin Tacikistandakı səfiri Həsən Məmmədzadə faciə barədə geniş məlumat verib, bu günün Azərbaycan xalqının öz milli dövlətçiliyinin yenidən bərpası uğurunda mübarizəsinin şanlı səhifələrindən biri olduğunu bildirib. Diplomat bu hadisəni xalqın milli təhtəlşüurunda yaşayan müstəqillik və demokratiya uğurunda apardığı mübarizədə dönməzliyin bütün dünyaya nümayişi kimi xarakterizə edib. Qeyd olunub ki, 20 Yanvar Azərbaycan tarixində qanlı səhifə olmaqla yanaşı, xalqın müstəqillik amalına, demokratik dəyərlərə çatmaq arzusuna, qəhrəmanlıq ənənələrinə sadiqliyini və Vətənin azadlığı uğurunda canından keçməyə hazır olduğunu totalitar Sovet rejimini hər vəchlə saxlamağa çalışanlara bir daha nümayiş etdirib.
H.Məmmədzadə məhz ilk olaraq ümummilli lider Heydər Əliyevin qətiyyəti, cəsarəti və müdrikliyi sayəsində 20 Yanvar hadisələrinə hüquqi-siyasi qiymət verildiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Tədbirdə çıxış edən yerli KİV nümayəndələri keçmiş SSRİ rəhbərliyinin Azərbaycan xalqının demokratiya və müstəqillik uğurunda mübarizəsini boğmaq məqsədi daşıyan bu amansız cinayəti sonradan 1990-cı ilin fevral ayında Tacikistanda da həyata keçirdiyini, xalqın qarşı-qarşıya qoyulduğunu və vətəndaş müharibəsi törədildiyini bildiriblər.
Sonda 20 Yanvar hadisələri ilə bağlı videoçarx nümayiş etdirilib.
20 Yanvar faciəsi ilə bağlı “Asia-Plus”, “Avesta”, “Faraj”,”khabari-ruz” saytlarında və “Samak” qəzetində məqalələr dərc edilib.
https://azertag.az/xeber/20_Yanvar_faciesinin_novbeti_ildonumu_Dusenbede_de_qeyd_olunub-1234965