2019-01-18

Azərbaycan Respublikasının Tacikistan Respublikasındakı Səfirliyi 20 yanvar faciəsinin 29-cu ildönümü ilə əlaqədar tədbir keçirilib.

Azərbaycan Respublikasının Tacikistan Respublikasındakı səfirliyində yerli kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirakı ilə “20 Yanvar Azərbaycan xalqının qəhrəmanlıq salnaməsidir” mövzusunda tədbir keçirilmişdir. Tədbirdə Tacikistanın aparıcı qəzet, jurnal və saytlarının redaktor və müxbirləri, tanınmış jurnalist və köşə yazarları iştirak etmişlər.

20 Yanvar qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad etməklə başlayan tədbirdə çıxış edən səfir Həsən Məmmədzadə faciə barədə geniş məlumat verərək bu günün Azərbaycan xalqının öz milli dövlətçiliyinin yenidən bərpası uğurunda mübarizəsinin şanlı səhifələrindən biri olduğunu bildirmiş, xalqın milli təhtəlşüurunda yaşayan müstəqillik və demokratiya uğurunda apardığı mübarizə dönməzliyinin bütün dünyaya nünmayişi kimi xarakterizə etmişdir. Qeyd olunmuşdur ki, 20 Yanvar Azərbaycan tarixində qanlı səhifə olmaqla yanaşı, xalqın müstəqillik amalına, demokratik dəyərlərə çatmaq arzusuna, qəhramanlıq ənənələrinə sadiqliyini və Vətənin azadlığı uğurunda canından keçməyə hazır olduğunu totalitar Sovet rejimini hər vəchlə saxlamağa çalışanlara bir daha nümayiş etdirdi.

Səfir H.Məmmədzadə məhz ilk olaraq ümummilli lider Heydər Əliyevin qətiyyəti, cəsarəti və müdrikliyi sayəsində 20 Yanvar hadisələrinə əsl hüquqi-siyasi qiymət verildiyini tədbir iştirakçılarının diqqətinə çatdırmışdır. Tədbirdə çıxış edən yerli KİV nümayəndələri keçmiş SSRİ rəhbərliyinin Azərbaycan xalqının demokratiya və müstəqillik uğurunda mübarizəsini boğmaq məqsədi daşıyan bu amansız hərəkəti sonradan 90-cı ilin fevral ayında Tacikistanda da həyata keçirdiyini, xalqın qarşı-qarşıya qoyulduğunu və vətəndaş müharibəsi tötədildiyini bildirdilər. Alma-Atada, Tbilisidə, Bakıda, Düşənbədə və Vilnyusda törədilən vəhşiliklər qanlı və totalitar rejimin çürüməkdə olduğunu və kommunizim ideyalarının puçluğunu, xalqların müstəqillik və demokratiya arzularının qarçısının silah və güc tətbiq etməklə alına bilməyəcəyini göstərmişdir.

Tədbirin sonunda 20 Yanvar hadisələri ilə bağlı videoçarx nümayiş etdirilmiş, tədbir iştirakçılarının müxtəlif mövzularla bağlı sualları cavablandırılmışdır.

Arxiv üzrə axtarış