Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Tacikistana səfərə gəlib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün sentyabrın 27-də Tacikistan Respublikasına səfərə gəlib. AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Düşənbə şəhərinin beynəlxalq aeroportunda Prezident İlham Əliyevi Tacikistanın Baş nazirinin müavini Azim İbroxim və digər rəsmi şəxslər qarşıladılar.
Sentyabrın 28-də Tacikistan Respublikasının paytaxtı Düşənbə şəhərində MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə görüşü olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev görüşdə iştirak edib. Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi qarşıladı. Azərbaycan və Tacikistan prezidentləri birgə foto çəkdirdilər. Sonra görüşdə iştirak edən dövlət başçıları birgə foto çəkdirdilər. Tacikistan Prezidenti Emoməli Rəhmon çıxış edərək qonaqları salamladı və iclasın işinə uğurlar arzuladı. Qeyd etdi ki, ötən dövrdə ənənələrə uyğun olaraq ölkələr arasında münasibətlərin möhkəmlənməsinə və inkişafına xüsusi əhəmiyyət verilib. Tacikistan Prezidenti ölkəsinin MDB çərçivəsində fəaliyyəti barədə məlumat verdi. Prezident Emoməli Rəhmon Tacikistanın Şuraya sədrliyi dövründə müxtəlif sahələr üzrə 40 iclasın keçirildiyini diqqətə çatdırdı. Bildirdi ki, ötən dövrdə terrorizm, ekstremizm, narkotiklərin qeyri-qanuni dövriyyəsi, iqtisadi sahədə cinayətkarlıq, qanunsuz miqrasiya, insan alverinə qarşı mübarizə məsələləri qarşılıqlı fəaliyyətin əsas istiqamətlərini təşkil edib. “MDB çərçivəsində qəbul edilən sənədlərə müvafiq olaraq iqtisadi sahədə əməkdaşlıq müsbət nəticələr verib”, - deyən Tacikistan Prezidenti humanitar sahənin inkişafına da xüsusi diqqət yetirildiyini vurğuladı.
Emoməli Rəhmon iclası açıq elan etdi. Sonra MDB İcraiyyə Komitəsinin sədri-icraçı katib Sergey Lebedev Şura iclasının gündəliyi barədə məlumat verdi.
Sentyabrın 28-də Düşənbədə MDB Dövlət Başçıları Şurasının nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə iclası olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iclasda iştirak edib. İclasda Prezident Emoməli Rəhmon Tacikistanın sədrliyi dövründə Şuranın fəaliyyəti haqqında məlumat verdi. O, bu iclasın nəticəsi olaraq qəbul ediləcək qərarların Şuranın gələcək fəaliyyətinə töhfə verəcəyinə əminliyini ifadə etdi. Emoməli Rəhmon 2019-cu ildə MDB-yə sədrliyin Türkmənistana keçməsi barədə Şura iclasının qərarını elan etdi. Türkmənistan Nazirlər Kabinetinin sədr müavini Purli Ağamuradov MDB-yə sədrliyin Türkmənistana keçməsi ilə bağlı qəbul edilən qərara verdikləri dəstəyə görə dövlət başçılarına minnətdarlığını bildirdi. O, sədrlik dövründə Türkmənistanın MDB məkanında əməkdaşlığın daha da genişlənməsi üçün səylərini əsirgəməyəcəyini vurğuladı. MDB İcraiyyə Komitəsinin sədri-icraçı katib Sergey Lebedev Şuranın məhdud tərkibdə iclasında müzakirə olunmuş məsələlər barədə məlumat verdi və Şuranın növbəti iclasının 2019-cu ilin oktyabrında Türkmənistanın paytaxtı Aşqabadda keçiriləcəyini diqqətə çatdırdı. Rusiya Federal Məclisi Federasiya Şurasının sədri, MDB Parlamentlərarası Assambleyasının sədri Valentina Matviyenko kosmik fəzanın sülh məqsədilə tədqiqi və istifadəsi sahəsində əməkdaşlığa dair hazırlanmış Konvensiyanın müddəaları ilə iclas iştirakçılarını tanış etdi. Rusiya Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy isə 1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 75 illiyinin bayram edilməsi ilə bağlı hazırlanmış sənəd barədə məlumat verdi. Hər iki sənəd yekdilliklə qəbul olundu. İclasda bəzi prosedur məsələlərə baxıldı. Sonra dövlət və hökumət başçıları iclasda müzakirə olunmuş bir sıra sənədləri imzaladılar. Bununla da MDB Dövlət Başçıları Şurasının iclası başa çatdı.
Sentyabrın 28-də Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmonun adından MDB dövlət başçılarının şərəfinə rəsmi qəbul təşkil olunub. AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev rəsmi qəbulda iştirak edib.
x x x
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Tacikistan Respublikasına səfəri sentyabrın 28-də başa çatıb.