2018-05-17

28 may – Respublika Günü ilə əlaqədar keçirilən rəsmi qəbulla bağlı

28 May – Respublika Günü və Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi münasibətilə 11 may 2018-ci il tarixində Düşənbə şəhərindəki “Serena” mehmanxanasında rəsmi qəbul keçirilmişdir. Mərasimdə Tacikistanın dövlət rəsmiləri, deputatlar, görkəmli ziyalılar, ölkə ictimaiyyətinin tanınmış simaları, diplomatik korpusun və beynəlxalq təşkilatların nümayəndələri, jurnalistlər, bu ölkədə yaşayan və işləyən Azərbaycanlılar iştirak etmişlər.

Tədbirin əvvəlində Azərbaycan və Tacikistanın dövlət himnlərini Respublika xüsusi incəsənət məktəbinin şagirdləri tərəfindən səsləndirilmişdir. Tədbirdə AR-in Tacikistandakı Fövqəladə və Səlahiyyətli səfiri Həsən Məmmədzadə və TR Xarici İşlər Naziri Sirocadin Aslov çıxış etmişlər.

Səfir H.Məmmədzadə çıxışında 23 ay mövcud olmuş şərqin ilk demokratik parlamentli respublikası olan Azərbaycan Demokratik Respublikasının yaranması və əhəmiyyəti barədə geniş söhbət açaraq, qısa müddət ərzində bütün dövlət atributlarının yaradıldığı, şərqdə ilk dəfə olaraq parlamentli respublikanı quruluduğu, operanın təsis edildiyi, qızlar məktəbinin açıldığı, bir çox Avropa ölkələrindən də əvvəl qadınlara seçki hüququnun verildiyi, qonşu dövlətlərlə və Avropa ölkələri ilə diplomatik əlaqələrin qurulduğu barədə məlumat vermişdir. Səfir, şərqin ilk demokratik respublikasının bu ərazilərin 28 aprel 1920-ci ildə 11-ci Qızıl Ordu tərəfindən işğal olunmasından sonra süqutu uğradığını təəssüflə qeyd etmişdir.

Səfir H.Məmmədzadə 1991-ci ildə yenidən müstəqillik əldə edən respublikamızın ilk illərdə müharibə və xaosla üzləşməsi, nəticədə 20 % torpaqlarımızın Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunması, 1 milyondan artıq qaçqın və məcburi köçkünün yaranması barədə tədbir iştirakçılarına məlumat verərək, 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin xalqın istəyi və tələbi ilə hakimiyyətə qayıdışı nəticəsində müstəqil, suveren Azərbaycanın dinamik inkişafının əsasının qoyulduğunu vurğulamışdır. Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu siyasətin bu gün də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən böyük müdriklik,  qətiyyət və cəsarətlə həyata keçirildiyi qeyd olunan tədbirdə bildirilmişdir ki, bu siyasətin nəticəsi olaraq, Azərbaycan bu gün Qafqazın ən qüdrətli dövlətinə, həmçinin dünya miqyasında sözü və mövqeyi olan dövlətə çevirilmişdir.

Səfir Azərbaycanda keçirilən mötəbər beynəlxalq tədbirlər barədə geniş məlumat vermiş, ölkədə hər il müxtəlif beynəlxalq idman oyunları, humanitar forumlar, musiqi festivalları və digər iri miqyaslı tədbirlərin keçirildiyini qeyd etmişdir.

Eyni zamanda, səfir iki ölkə arasında mövcud əlaqələrdən söz açaraq, iki ölkə arasında münasibətlərin və əməkdaşlığın tarixi köklərə söykəndiyini, Azərbaycan və Tacikistanın bir-birinə regional və beynəlxalq təşkilatlarlar çərçivəsində daim dəstək verdiklərini və ölkə liderləri arasında dost münasibətlərin mövcud olduğunu qeyd etmişdir. O, həmçinin ölkələrimiz arasında 45-dək rəsmi sənədin imzalandığını, parlamentlərarası qrupunun fəaliyyət göstərdiyini qeyd edərək, hökümətləarası komissiyanın  növbəti iclasının Düşənbədə keçiriləcəyini diqqətə çatdırmışdır.

Ali qonaq qismində çıxış edən S.Aslov Azərbaycan xalqını Tacikistan hökuməti adından “Respublika günü” və ADR-in yaranmasının 100 illiyi münasibətilə təbrik etmiş,  Azərbaycan xalqına və dövlətinə daha böyük uğurlar arzulamışdır.

Nazir Tacikistan-Azərbaycan münasibətlərindən məmnunluğunu ifadə edərək, bundan sonra da müxtəlif sahələrdə ikitərəfli münasibətləri genişləndirmək üçün geniş imkanların olduğunu bildirmişdir.   

Qəbul  zamanı Azərbaycan Xalq Cümhuriyyətinin tarixi dövrlərini əks etdirən foto-sərgi qonaqların diqqətinə təqdim edilmiş, Azərbaycan mədəniyyətini, tarixi abidələrini, milli mətbəxini, Bakı şəhərinin və regionların bu günkü gözəl mənzərələrini əks etdirən video görüntülər  nümayiş etdirilmişdir. Daha sonra gənc xanəndə, VI muğam müsabiqəsinin qalibi Almaxanım Əhmədli  konsert proqramı ilə çıxış etmişdir. Tədbirin rəsmi hissəsindən sonra qonaqların şərəfinə ziyafət verilmişdir.

Arxiv üzrə axtarış