2016-05-13

AR Tacikistandakı Səfirliyində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 93-cü illiyi münasibətilə keçirilmiş tədbir barədə

13 may 2016-cı ildə AR Tacikistandakı Səfirliyinin “Heydər Əliyev guşəsi”ndə görkəmli siyasət və dövlət xadimi, Azərbaycan xalqının Ümummili Lideri H.Əliyevin anadan olmasının 93 illiyi münasibətilə tədbir keçirildi.

Tədbirdə TR Ali Məclisinin deputatları, TR EA vitse prezidenti, akademik Karamatullo Olimov, Düşənbədə akkreditə olunan diplomatik nümayəndliklərin və beynəlxalq təşkilatların rəhbərləri, alimlər, yerli ictimaiyyət və diaspora nümayəndələri, eləcə də KİV nümayəndələri iştirak etdilər. 

Tədbir Səfirliyin həyətində Ulu Öndər H.Əliyevin xatirəsinə qoyulmuş büstün önünə əklil və tər çiçəklər qoyulması ilə başladı. 

Daha sonra Ümummilli Liderin həyat və fəaliyyətini əks etdirən film nümayiş etdirildi. 

Tədbiri giriş sözü ilə açan səfir A.Həsənov Ulu Öndər H.Əliyev barədə danışdı: “10 may Azərbaycan xalqının Ümummilli Lideri H.Əliyevin doğum günüdür. Hər bir azərbaycanlı öz dünya şöhrətli dövlət və siyasi xadimi ilə fəxr edir. H.Əliyevin Azərbaycan xalqı üçün etdiyi işlər Azərbaycanın 5 min ildən artıq dövlətçilik tarixində heç bir dövlət başçısı tərəfindən edilməmişdir.

H.Əliyevin azərbaycan xalqı qarşısında xidmətləri böyükdür. Ən böyük xidmətlərindən biri də odur ki, azərbaycan xalqının və dövlətini gələcəyini düşünərək özündən sonra bu dövləti düzgün və səriştəli idarə etməyə qadir olan İlham Əliyevi yetişdirməsidir.  

H.Əliyev məqsədinə çatmaq üçün qarşısında heç bir maneə görmürdü. Başladığı hər bir işi müvəffəqiyyətlə başa çatdırırdı. H. Əliyev həddən artıq tələbkar (özünə və işçilərinə qarşı),  yaradıcı, humanist insan olmuşdur.

1969-cu ildən 1982-ci ilə kimi Azərbaycan SSRİ-yə rəbərlik etdiyi dövrdə H.Əliyev Azərbaycanı geridə qalmış kənd təsərrüfatı ölkəsindən inkişaf etmiş sənaye ölkəsinə çevirdi. Bakı şəhərində 11 mikrorayon, Əhmədli və Günəşli qəsəbələri salındı. O cümlədən, ölkədə çoxlu sayda məktəblər, xəstəxanalar, yaşayış binaları və digər sosial obyektlər tikildi.  

Elə bir sahə olmamışdı ki, H.Əliyevin diqqətindən kənarda qalsın. Heydər Əliyev başa düşürdü ki, bunun üçün mütəxəssis yetişdirmək lazımdır. Bu məqsədlə Azərbaycanda kadr çatışmazlığını aradan qaldırmaq üçün hər il 800-1000 tələbə keçmiş SSRİ-nin qabaqcıl təhsil ocaqlarına göndərilirdi.

H.Əliyev hərbi sahədə kadr çatışmazlığını həll etmək üçün C.Naxçıvanski adına hərbi məktəbi yaratdı. O dövrdə Suvorov adına hərbi məktəb olduğu üçün Moskvadan bunun razılığını çətinliklə aldı. Azərbaycan ordusunun aparıcı zabitləri, generalları bu məktəbin məzunlarıdır.

Ümummili Liderin digər sahələrə olduğu kimi elm-mədəniyyət sahəsinə də - rəssamlara, yazıçı-şairlərə, aktyorlara, heykəltaraşlara, musiqi xadimlərinə qayğısı böyük idi. Q.Qarayev, M.Maqomayev, Z.Xanlarova, Niyazi, T.Quliyev, F.Əmirov, r.Behbudov, Xuraman və Fidan Qasımova bacıları  kimi mədəniyyət xadimləri onun dəstəyi ilə yaradıcılıqlarını daha da genişləndirirdilər. Onlardan bir çoxu sosialist əməyi qəhrəmanı adına layiq görülmüşdülər.

1982-ci ildə H.Əliyev Moskvaya dəvət olundu. SSRİ Nazirlər Şurası Sədrinin I müavini, Sovet İttifaqı KP MK-nın Siyasi Bürosunun üzvü seçildi. Bu dövrdə ittifaq ölkələri ilə bağlı 20-dən artıq sahəyə idarəçilik edirdi. Təbii ki, fenomenal yaddaşı ona bu işləri həyata keçirməyə kömək edirdi. Moskvada çalışdığı dövrdə bütün ittifaq respublikalarının, o cümlədən Tacikistanın inkişafına öz töhfələrini vermişdi.        

Təəssüflər olsun ki, SSRİ-nin o zamankı rəhbəri M.Qorbaçovun təzyiqləri ilə məcburi olaraq 1987-ci ildə təqaüdə göndərildi. H.Əliyev 1990-cı ilin 20 yanvar hadisələrindən sonra Bakıya qayıtdı və oradan Naxçıvana getdi. Naxçıvan məhrumiyyət içində idi. Naxçıvanlılar H.Əliyevlə birlikdə bu çətinliklərə dözdü və Naxçıvan əhalisi öz yaşayış yerlərini tərk etmədilər. Əks təqdirdə əhali Naxçıvanı tərk edə bilər və biz Naxçıvanı da itirə bilərdik.   

1993-cü ildə Azərbaycanda siyasi xaos, vətəndaş müharibəsi yaranmışdı. Belə bir zamanda müdrik azərbaycan xalqı H.Əliyevi hakimiyyətə dəvət etdi. Ulu Öndər müstəqil Azərbaycana rəhbərlik etidyi 10 il ərzində Azərbaycan yenidən dirçəlməyə başladı. İlk növbədə ölkədə silahlı qruplaşmaların fəaliyyətinə son qoyuldu, vətəndaş müharibəsinin qarşısını aldı. 1994-cü ilin may ayında Ermənistanla atəşkəs sazişi imzalandı. Elə həmin ilin sentyabr ayının 20-də dünyanın aparıcı neft şirkətləri ilə müstəqil Azərbaycanın gələcək inkişafının əsasını qoyan “əsrin müqaviləsi” imzalandı. Azərbaycanda sabitliyin yaranmasını görən xarici sərmayədarlar çəkinmədən böyük məbləğdə sərmayələr yatırmağa razı oldular. Sevindirici haldır ki, Azərbaycan bu gün sərmayə qəbul edən ölkədən sərmayə qoyan ölkəyə çevirlmişdir.

Heydər Əliyev yaşayış tərzi və dövlətçilik fəaliyyəti ilə bir məktəb yaratdı. Ümummiyyətlə qeyd etmək olar ki, hər bir şəxs üçün ondan öyrənməli çox şeylər vardır.

Hazırda gördüyünüz bu kitablar – yazıçı-publisist E.Axundovanın 7 cildlik “H.Əliyev – Şəxsiyyət və zaman”, və N.Zinkoviçin “Həyatın keşməkeşləri” kitabları AR Tacikistandakı Səfirliyinin dəstəyi ilə tacik dilinə tərcümə edilərək nəşr etdirilmişdir və bu kitablar hesab edirəm ki, həm siyasətçilər, həm də gənclər üçün faydalı mənbə ola bilər”.

Daha sonra  Tacikistan Respublikasının keçmiş Mədəniyyət naziri, akademik Karamatullo Olimov çıxışında 2002-ci ildə Bakıda MDB Mədəniyyət Nazirlərinin toplantısında H.Əliyevlə görüşünü xatırlatdı və bildirdi ki: “Mən Azərbaycan xalqının Ümummilli Lideri H.Əliyev və Tacikistanın Milli Lideri E.Rahmon arasında oxşar cəhətlər görürəm. Geniş dünya görüşü, qorxmazlıq, böyük iş təcrübəsi (əlbəttə ki, H.Əliyevin iş təcrübəsi daha zəngin idi) uzaqgörənlik və s. cəhətlər bu kimi şəxsiyyətlərə xas olan xüsusiyyətdir. H.Əliyevin adı Azərbaycan tarixində əbədi olaraq qalacaqdır.”     

Özbəkistanın Tacikistandakı Səfiri Şohqasım Şoislomov çıxışında bildirdi:  “Bildirmək istərdim ki, H.Əliyevin Özbəkistana səfəri zamanı Özbəkistan XİN müavini kimi onun səfərinin hazırlanmasında yaxından iştirak etmişəm. Yaşının çox olmasına və xəstə olmasına baxmayaraq H.Əliyev gənclər qarşısında 2 saat fasiləsiz olaraq müdrik və nəsihətamiz çıxış etdi. Onun heç nə oxumadan və yerində zərrə qədər hərəkət etmədən, bir hərbçi kimi çıxış etməsi məndə heyranlıq doğurmuşdu. H.Əliyev olmasaydı bu gün dinamik inkişaf edən, nüfuzlu bir Azərbaycan dövləti ola bilməzdi.”.

BMT inkişaf proqramının milli məsləhətçisi Anatoli Holmatov çıxışında maraqlı bir faktı qeyd etdi: “1978-ci ildə Tacikistanın Dağlıq Bədəxşan Muxtar Vilayətinin ərazisində yerləşən Sarez gölünün səviyyəsi qalxmış (tektonik xarakterli göldür, 17 ilyard kub metr su ttumu vardır), gölün daşması nəticəsində ətraf minlərlə hektar ərazinin su altında qalması təhlükəsi yaranmışdı. Məsələ ilə bağlı sovet rəhbərliyinə dəfələrlə müraciət olunmasına baxmayaraq nəhayət 1984-cü ildə məhz H.Əliyev tərəfindən gölün təhlükəsizliyinin təmin edilməsi haqqında protokol imzalandı. Sonradan görüləcək işlər haqqında proqram qəbul edildi”.             

Sonda səfir A.Həsənov Ulu Öndər H.Əliyevin anadan olmasının 93 illiyi münasibətilə jurnalistlər arasında “H.Əliyev – Müasir Azərbaycanın memarı və qurucusu” mövzusunda keçirilmiş ənənəvi IV müsabiqənin nəticələrini elan etdi, qaliblər, eləcə də müsabiqənin bütün iştirakçılarına diplomlar və hədiyyələr təqdim edildi.

1-ci yerin qalibi Hotam Homid, 2-ci yerin qalibi Cumoi Mirzo,  3-cü yerin qalibləri Şamsullo Fozilov və Cumhur Cafarov oldular.

Müsabiqə 16 müəllifin yazdığı 18 məqalə üzrə aparıldı.

 

 

 

Arxiv üzrə axtarış