Nikahın Pozulmasının Qeydə Alınması

Xarici ölkələrdə daimi və ya müvəqqəti yaşayan Azərbaycan Respublikası vətəndaşları nikahın pozulması məqsədilə ərizə ilə Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və konsulluqlarına (bundan sonra – konsulluq) müraciət edə bilərlər.

Nikahın pozulmasının qeydə alınması üçün tələb olunan sənədlər

Nikahın pozulmasının dövlət qeydiyyatı aşağıdakı sənədlər əsasında həyata keçirilir:
1. nikahın pozulması haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi;
2. yetkinlik yaşına çatmayan ümumi uşaqları olmayan ər-arvadın nikahın pozulması haqqında birgə verdikləri ərizə;
3. məhkəmə qaydasında itkin düşmüş hesab edilən, məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edilən və ya cinayət törətməyə görə ən azı 3 il müddətinə azadlıqdan məhrum olunan şəxslə nikahın pozulması haqqında ər və ya arvadın birinin ərizəsi;
4. məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edilən ərin (arvadın) qəyyumunun ərizəsi.

Nikahın məhkəmə qaydasında və ya konsulluq tərəfindən pozulması halları.

Nikah aşağıdakı hallarda məhkəmə qaydasında pozulur:

1. ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda;
2. ər (arvad) nikahın pozulmasına razı olmadıqda;
3. Ər-arvadın razılığı olduqda, lakin onlardan biri konsulluqda nikahın pozulmasından yayındıqda (ərizə verməkdən imtina etdikdə, nikahın pozulmasının dövlət qeydiyyatı üçün gəlmədikdə və s.)

Nikah ərin (arvad) və ya onların hər ikisinin, eləcə də məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edilən ərin (arvadın) qəyyumunun ərizəsi əsasında konsulluqlar tərəfindən pozula bilər. 
Nikah aşağıdakı hallarda yetkinlik yaşına çatmayan ümumi uşaqlarının olmasından asılı olmayaraq ərin (arvadın) birinin ərizəsi əsasında konsulluqlar tərəfindən pozulur:

 1. ər (arvad) məhkəmə qaydasında itkin düşmüş hesab edildikdə;
 2. ər (arvad) məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab   edildikdə;
 3. ər (arvad) cinayət törətməyə görə ən azı 3 il müddətində azadlıqdan   məhrum olunduqda.

Nikah konsulluqda pozulduqda - nikahın pozulmasının dövlət qeydiyyatına alındığı gündən; məhkəmə qaydasında pozulduqda - bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən nikaha xitam verilmiş sayılır.
Ər (arvad) öldükdə, yaxud məhkəmə qaydasında ölmüş elan edildikdə nikaha xitam verilir. Bu halda nikahın pozulmasının dövlət qeydiyyatı aparılmır.

Yetkinlik yaşına çatmayan ümumi uşaqları olmayan ər-arvadın qarşılıqlı razılığı üzrə nikahın pozulmasının qeydə alınması qaydaları

Yetkinlik yaşına çatmayan ümumi uşaqları olmayan ər-arvad nikahın pozulması haqqında ərizədə aşağıdakı məlumatları qeyd etməyə borcludurlar:
1. özlərinin qarşılıqlı razılıqlarını;
2. onların yetkinlik yaşına çatmayan uşaqlarının olmadığını;
3. nikahın haqqında şəhadətnamənin olmaması haqqında (nikah haqqında şəhadətnamənin olmadığı hallarda).

Nikahın pozulması haqqında ərizəyə nikah haqqında şəhadətnamə və qeydiyyat üçün dövlət rüsumunun ödənilməsi barədə qəbz əlavə edilməlidir. 

Nikahın bərpa edilməsi

Ölmüş elan edilən və ya itkin düşmüş hesab edilən ər (arvad) gəlib çıxdıqda, məhkəmənin müvafiq qətnaməsi ləğv olunmaqla nikah konsulluq idarəsində onların birgə ərizəsi əsasında bərpa oluna bilər. (Lakin tərəflərdən biri yeni nikaha daxil olubsa, nikah bərpa oluna bilməz.)
Konsulluq ölmüş elan edilən və ya itkin düşmüş hesab edilən ərin (arvadın) nikahının pozulmasını qeyd etməli. Həmin şəxs gəldikdə və onun ölmüş elan edilməsi və ya itkin düşmüş hesab edilməsi barədə məhkəmənin qətnaməsi ləğv olunduqda konsulluq həmin ərin (arvadın) ərizəsinə əsasən ona nikahın pozulması haqqında və şəhadətnamə verə bilər. Bundan başqa həmin şəhadətnamədə nikahın pozulması haqqında digər tərəfə verilmiş şəhadətnamədə göstərilən tarix göstərilir.

Arxiv üzrə axtarış