Xocalı soyqırımının 34-cü ildönümü Tacikistanda qeyd edilib
Azərbaycan Respublikasının Tacikistan Respublikasındakı Səfirliyi tərəfindən Xocalı faciəsinin 34-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.
Tədbir çərçivəsində, Xocalı faciəsinə həsr olunmuş sərgi təşkil olunub və bu sərgidə faciənin dəhşətli anlarını əks etdirən fotoşəkillər nümayiş olunub, həmçinin yerli KİV nümayəndələri üçün mətbuat konfransı keçirilib.
Səfirliyin inzibati binasında təşkil olunmuş tədbirdə Tacikistanda akkreditə olunmuş diplomatik korpusun üzvləri, yerli KİV-in nümayəndələri və bu ölkədə yaşayan soydaşlarımız iştirak edib.
Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra din xadimi tərəfindən soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq moizə oxunub.
Azərbaycanın Tacikistandakı səfiri Əlimirzamin Əskərov çıxışında bildirib ki, ermənilər mərhələli şəkildə azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti həyata keçiriblər və bu siyasətin tərkib hissəsi olan Xocalı soyqırımı Ermənistanın Azərbaycana qarşı işğalçılıq müharibəsi zamanı dinc əhaliyə qarşı törədilmiş ən dəhşətli cinayətlərdən biridir.
Qeyd olunub ki, həmin hərbi təcavüz zamanı 613 azərbaycanlı, o cümlədən 106 qadın, 63 uşaq xüsusi qəddarlıqla qətlə yetirilib, meyitlər üzərində təhqiredici hərəkətlərə yol verilib.
Bildirilib ki, kütləvi qırğın zamanı 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib. Bundan başqa, 487 dinc sakin ağır yaralanıb, 1275 nəfər girov götürülüb və onlardan 150 nəfərin taleyi indiyədək məlum deyil.
Səfir əlavə edib ki, Xocalı soyqırımına siyasi-hüquqi qiymət Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra verilib. Onun təşəbbüsü ilə 1994-cü ildə Milli Məclisin qərarı əsasında 26 fevral Xocalı Soyqırımı Günü elan olunub. Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması və faciənin soyqırımı aktı kimi tanınması istiqamətində mühüm addımlar atılıb.
Bununla yanaşı, səfir Ermənistanın 30 ilə yaxın davam edən işğalına son qoyulduğunu, 44 günlük Vətən müharibəsi və lokal xarakterli antiterror tədbirləri nəticəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin tam bərpa edildiyini bildirib. O, işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işlərinin aparıldığını, Xocalı sakinlərinin və digər rayonların sakinlərinin doğma torpaqlarına qayıdış prosesinin başlandığını diqqətə çatdırıb. Həmçinin jurnalistlərə azərbaycanlıların Qərbi Azərbaycana qayıdışı məsələsi, ölkənin üzləşdiyi mina problemi və bunun yaratdığı fəsadlar barədə məlumat verib.
Səfir Azərbaycanın şəhərsalma sahəsində əldə etdiyi qabaqcıl təcrübə barədə məlumat verərək 2026-cı ildə dünyanın şəhərsalma sahəsində ən nüfuzlu tədbirlərindən olan Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) Bakı şəhərində keçirilməsi ilə bağlı tədbir iştirakçılarını məlumatlandırıb.
Tədbirdə, Xocalı faciəsi barədə və azərbaycanlıların Ermənistandan deportasiyası ilə bağlı videoçarxlar nümayiş etdirilib.
Sonda, tədbir iştirakçıları üçün şəhidlərin xatirəsinə həsr olunmuş iftar süfrəsi təşkil edilib.