Tacikistan Respublikasında Azərbaycan Mədəniyyəti Günləri keçirilib
20-21 may 2025-ci il tarixlərində Tacikistan Respublikasında Azərbaycan Mədəniyyəti Günləri keçirilib. Tədbir çərçivəsində, Azərbaycan Respublikası mədəniyyət naziri Adil Kərimlinin rəhbərliyi ilə 120 nəfərdən ibarət nümayəndə heyəti Tacikistana səfər edib.
20 may 2025-ci il tarixdə Tacikistan Milli Kitabxanasında Azərbaycan Respublikası mədəniyyət naziri Anar Kərimli ilə Tacikistan Respublikası mədəniyyət naziri Matlubaxon Sattoriyen arasında görüş keçirib.
Daha sonra, Tacikistan Milli Muzeyində “Azərbaycanın sənət incilərində yaşayan milli irsi” adlı sərginin açılışı olub. Qonaqlar, Azərbaycan Milli Xalça Muzeyinin kolleksiyasından xalçalar, bədii metal, tikmə nümunələri, həmçinin Azərbaycan Milli İncəsənət Muzeyinin “Mirzə Qədim İrəvani: Şərq və Qərb sənət üslublarının qovşağında” adlı ekspozisiyası ilə tanış olub.
Bununla yanaşı, Azərbaycan Fotoqraflar Birliyinin “Qarabağ: milli irsin yaddaşı” adlı fotosərgisi də tədbir iştirakçılarına təqdim olunub. Sərgi 44 günlük Vətən müharibəsində Azərbaycanın Zəfərinin beşinci ildönümünə həsr edilib. Nümayiş olunan fotolarda otuzillik işğal zamanı erməni vandalizminə məruz qalmış tarix-mədəniyyət abidələri və digər infrastruktur obyektlərinin dağıdılmış vəziyyəti və işğaldan sonra dövlətimiz tərəfindən aparılan bərpa prosesi öz əksini tapıb.
Həmin gün, Sədrəddin Ayni adına Tacikistan Dövlət Akademik Opera və Balet Teatrında qala konsert təşkil olunub.
21 may 2025-ci il tarixdə Tacikistan Milli Kitabxanasında Azərbaycan Ədəbiyyatı Guşəsinə Azərbaycanın tarixi, mədəniyyəti, ədəbiyyatı və müasir inkişafına dair 250-dən artıq nəşrin təqdim edilməsi mərasimi keçirilib.
Daha sonra, Azərbaycan və Tacikistan Milli kitabxanaları arasında əməkdaşlığa dair memorandum imzalanıb.
Həmin gün, Tacikistanın Danqara şəhərində Qədim Musiqi Alətləri Ansamblının konsert proqramı keçirilib.
Bununla yanaşı, həmin tarixdə Azərbaycanın caz musiqi kollektivi Tacikistanın Düşənbə şəhərində daha bir konsert proqramı ilə çıxış edib.
Tacikistanda keçirilən Azərbaycan Mədəniyyəti Günləri böyük maraqla qarşılanıb, keçirilən konsert proqramları və sərgiləri geniş izləyici kütləsi xüsusi maraqla izləyib.