news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 28 may 2025

Səfirlikdə Müstəqillik Günü münasibətilə rəsmi qəbul keçirilib

Azərbaycan Respublikasının Tacikistan Respublikasındakı Səfirliyində 28 May-Müstəqillik Günü münasibətilə rəsmi qəbul keçirilib.

Hər iki ölkənin dövlət himnləri səsləndirildikdən sonra Azərbaycan Respublikasının Tacikistandakı səfiri Əlimirzamin Əskərov ziyafətdə çıxış edərək, 107 il əvvəl müsəlman Şərqində qurulmuş ilk demokratik, hüquqi, dünyəvi və parlament respublikası olan Azərbaycan Xalq Cümhuriyyətinin tarixi əhəmiyyəti və həmin dövrdə görülmüş müstəsna əhəmiyyətli işlər barəsində söhbət açıb.

Həmçinin, Azərbaycan Respublikasının müstəqilliyini bərpa etdikdən sonra qazanılmış uğurlardan, Ümummilli Lider Heydər Əliyevin dövlət quruculuğu sahəsində misilsiz xidmətlərindən danışıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən sosial-iqtisadi siyasət nəticəsində Azərbaycanın daha da güclənməsi, siyasi, iqtisadi, hərbi cəhətdən dünyada yüksək nüfuz qazanması və böyük inkişafa, sabitliyə nail olunması barədə ziyafət iştirakçılarına geniş məlumat verib.

Səfir çıxışında, Azərbaycanın böyük enerji və nəqliyyat layihələri, "Yeni enerji strategiyası"na uyğun olaraq enerji ehtiyatlarının dünya bazarlarına çıxarılması, bərpaolunan enerji istiqamətində atılan addımlar, Azərbaycanın təşəbbüskarı və iştirakçısı olduğu beynəlxalq transmilli layihələr barəsində söhbət açıb.

Səfir, ötən ilin noyabr ayında Azərbaycan dünyanın ən böyük beynəlxalq konfransı olan COP29-a uğurla ev sahibliyi etdiyini qeyd edib.

Azərbaycanın 2020-ci ildə 44 günlük Vətən müharibəsi nəticəsində beynəlxalq birlik tərəfindən tanınmış sərhədləri daxilində öz ərazi bütövlüyünü və suveren hüququnu bərpa etdiyi, işğaldan azad olunmuş ərazilərdə quruculuq işlərinin həyata keçirildiyi vurğulanıb və Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş şəxslər, ölkəmizin üzləşdiyi mina təhlükəsi barədə məlumat verilib.

Hazırda azad edilmiş ərazilərin bərpası, gələcək inkişafının təmin olunması, zəruri infrastrukturun yaradılması və əhalinin doğma torpaqlarına qayıdışı istiqamətində genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirildiyini və mina probleminin yeganə təhlükə olduğunu deyib.

 

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti