Səfir Əlimirzamin Əskərov Tacikistan Respublikası Ali Məclisinin Nümayəndələr Məclisinin Sədri Fayzəli İdizodə ilə görüşüb
24 oktyabr tarixində Azərbaycan Respublikasının Tacikistan Respublikasındakı səfiri Əlimirzamin Əskərov Tacikistan Respublikası Ali Məclisinin Nümayəndələr Məclisinin Sədri Fayzəli İdizodə ilə görüş keçirib.
Səfir, Azərbaycan ilə Tacikistan arasında əlaqələrin son dövrlərdə yüksələn xətlə inkişaf etdiyini, 2024-cü ilin may ayında Tacikistan Prezidentinin Azərbaycana rəsmi səfəri zamanı dövlət başçıları arasında imzalanmış Strateji Tərəfdaşlıq haqqında Bəyannaməsi ilə strateji tərəfdaşlıq əlaqələrinin rəsmən əsasının qoyulduğunu, beynəlxalq təşkilatlar çərçivəsində dövlətlərimizin bir-birinə daim dəstək ifadə etdiyini, siyasi əlaqələrlə yanaşı iqtisadi, mədəni və digər sahələrdə də əlaqələrin inkişaf etdiyini vurğulayıb.
Səfir həmçinin, Parlamentlərarası əlaqələrdən söhbət açaraq, Azərbaycan Respublikası Milli Məclisinin Sədri Sahibə Qafarovanın son illərdə Tacikistana rəsmi və işgüzar səfərlər həyata keçirdiyini, həmçinin TR Ali Məclisi Milli Məclisinin Sədri Rüstəm Emoməlinin Azərbaycana rəsmi səfərə gəldiyini xatırladıb, bu səfərlərin əlaqələrin inkişafında xüsusi önəm kəsb etdiyini qeyd edib.
Azərbaycan Prezidentinin Qazaxıstana dövlət səfəri zamanı Ermənistana yük tranzitinə qoyulan məhdudiyyətlərin aradan qaldırıldığına dair qərar qəbul edildiyi və cəmi bir neçə gün sonra Qazaxıstan taxılının ilk yükünün Azərbaycan ərazisindən keçməklə Ermənistana çatdığı, bu hadisənin Cənubi Qafqazda yeni siyasi eranın rəmzi kimi qiymətləndirildiyi bildirilib.
Nümayəndələr Məclisinin Sədri Fayzəli İdizodə, Ümummilli lider Heydər Əliyevin və Tacikistan Prezidenti Emoməli Rəhmonun hər iki dövlətin müstəqilliyi üçün misilsiz xidmətlər həyata keçiridiyini qeyd edib, Tacikistan-Azərbaycan münasibətlərinin strateji tərəfdaşlığa çevrilməsinin xüsusilə məmnunluq doğurduğunu bildirib.
F.İdizodə, münasibətlərimizdə əldə edilən uğurların Tacikistan Prezidenti Emoməli Rəhmon və Azərbaycan Prezidenti İlham Əliyevin dostluq münasibətləri və siyasi iradəsi sayəsində mümkün olduğunu, bu kontekstdə imzalanmış Strateji Tərəfdaşlıq haqqında Bəyannamənin iki ölkə arasında münasibətlərin uzunmüddətli inkişafına əlavə təkan verdiyini qeyd edib.