Düşənbə şəhərində BMT ilə əməkdaşlıq çərçivəsində “Buzlaqların qorunması” üzrə birinci yüksək səviyyəli beynəlxalq konfrans keçirilib
29-31 may 2025-ci il tarixlərdə Tacikistanın paytaxtı Düşənbə şəhərində BMT ilə əməkdaşlıq çərçivəsində “Buzlaqların qorunması” üzrə birinci yüksək səviyyəli beynəlxalq konfrans keçirilib. Ölkəmiz sözügedən beynəlxalq konfransda Azərbaycan Respublikası Baş nazirinin müavini Samir Şərifovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunub.
30 may 2025-ci il tarixdə keçirilən beynəlxalq konfransın açılış mərasimində Baş nazirinin müavini Samir Şərifov əsas qonaq qismində iştirak etmiş və plenar iclasda çıxış edib.
Konfrans çərçivəsində Samir Şərifov Tacikistan Baş naziri Koxir Rəsulzodə, Baş nazirinin müavini, Azərbaycan-Tacikistan İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın həmsədri Usmonali Usmonzoda, İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi Əsəd Məcid Xan, BMT Baş katibinin birinci müavini Amina Mohammed və Ümumdünya Meteorologiya Təşkilatının Baş katibi Celeste Saulo ilə görüşlər keçirib. Görüşlərdə, iqlim dəyişikliyi ilə mübarizə, habelə ikitərəfli münasibətlərə dair məsələlər üzrə fikir mübadiləsi aparıb.
Konfransda həmçinin, Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi, COP29-un prezidenti Muxtar Babayev iştirak edib.
Muxtar Babayev konfrans çərçivəsində keçirilən “Buzlaq proqnozları və emissiyalar – 1,5°C emissiya ssenariləri nə qədər qoruya bilər?” mövzusunda sessiyada çıxış edib.
Muxtar Babayev Tacikistan Respublikası Hökuməti yanında Ətraf Mühitin Mühafizəsi Komitəsinin sədri Baxodur Şeralizoda, Ümumdünya Meteorologiya Təşkilatının Baş katibi Celeste Saulo və BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyasının icraçı katibi Armida Alisjahbana ilə görüşlər keçirib.
Görüşlərdə, iqlim fəaliyyəti, buzlaqların qorunması və regional əməkdaşlıq məsələləri müzakirə olunub.